Beynəlxalq Elektron Ensiklopediyaya Lənkəran haqqında özbək dilində məqalə yerləşdirilib
16.2.2018

“Wikipedia.org" Beynəlxalq Elektron Ensiklopediyasında Azərbaycanın qədim diyarı Lənkəran, onun tarixi, etimologiyası, əhalisi, tanınmış şəxsiyyətləri, təbiəti, abidələri və s. haqqında özbək dilində bölmə istifadəyə verilib.

Məqalədə Lənkəran şəhərinin Xəzər dənizinin cənub-qərb sahilində, Lənkəran çayın Xəzər dənizinə töküldüyü yerdə yerləşdiyi bildirilir.

Qeyd olunur ki, Lənkəranın tarixi çox qədimdir. Onun bir kilometrliyində Digah kəndində aşkar olunan Divə – lona qəbiristanlığının bizim eradan əvvəl daha qədim əsrə aid edilməsi buna sübutdur. Bundan əlavə 1869-cu ildə Səid Əli ibn Kazım Bəy tərəfindən qələmə alınmış "Cavahirnameyi – Lənkəran" kitabında vaxtilə IX əsrdə Lənkəranın Bəlləbur qalasında yerləşdiyi ehtimal edilir.

Yazıda bildirilir ki, XIX əsrin başlanğıcında Lənkəran şəhəri üç hissədən ibarət olub və şəhərin mərkəzi sayılan Qala divarlarına söykənib. Qalada Rusiya işğalından sonra hərbi qarnizon yerləşdirilib.

Məqalədə müasir Lənkəran şəhəri barədə də məlumat verilir, şəhərin və rayonun əhalisi haqqında söhbət açılır.

Qeyd edək ki, layihə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin informasiya təminatı ilə həyata keçirilir.


azertag.az