Azərbaycan Premyer Liqasında 150-ci qol vurulub
19.2.2018

Futbol üzrə Azərbaycan Premyer Liqasının 2017/2018 mövsümündə 150-ci qol vurulub.

Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verilən məlumata görə, bu, XVI turun “Səbail” – “Qarabağ” görüşünə təsadüf edib. Çempionatın 64-cü görüşündə Ağdam klubuna qələbə qazandıran yeganə top yubiley xarakteri daşıyıb. Orta məhsuldarlığın 2,34 olduğu Premyer Liqanın 150-ci qolunu da Mahir Mədətov vurub. Bu qollardan yarısı meydan sahibləri, yarısı qonaqların hesabındadır.

Mövsümün bütün yubiley qolları “Qarabağ”ın hesabındadır. Mədətov isə 3-cü dəfə əlamətdar qola imza atıb. O, ilk və 50-ci qolların da müəllifidir. "Qarabağ"ın forvardı 2017-ci il avqustun 11-də “Neftçi” ilə səfər matçında (3:1) ilk, sentyabrın 22-də “Sumqayıt”la ev qarşılaşmasında (3:1) 50-ci qolu vurub. 100-cü qolu isə noyabrın 17-də Riçard Almeyda “Sumqayıt”ın (2:0) qapısından keçirib.

report.az