Azərbaycanın cüdo yığması Avropa açıq çempionatında birinci yeri tutub
19.2.2018

Avstriyanın Obervart şəhərində cüdo üzrə Avropa açıq çempionatına yekun vurulub.

Yarışın ikinci günü də Azərbaycan millisi medalsız qalmayıb.

90 kq çəki dərəcəsində mübarizə aparan Firudin Dadaşov beynəlxalq turnirin bürünc medalını qazanıb. Kanada, Avstriya, Rusiya, İtaliya cüdoçularına qalib gələn millimizin üzvü yalnız çempionatda birinci yeri tutan Yaponiya təmsilçisinə uduzub.

Beləliklə Azərbaycan cüdoçuları Obervart turnirini 2 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurublar. Yarışların ilk günü Orxan Səfərov, Mehman Sadıqov qızıl, Telman Vəliyev gümüş, Vüqar Şirinli isə bürünc medala sahib olub.

Yekun nəticədə cüdo üzrə milli komandamız medalların sayı və əyarına görə bütün ölkələri qabaqlayaraq 1-ci yeri tutub.

report.az