I sinfə elektron sənəd qəbulunun aparılacağı tarixlər açıqlanıb
19.2.2018

2018-2019-cu tədris ili üçün I sinfə elektron sənəd qəbulunun aparılacağı tarixlər açıqlanıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, Bakı şəhəri üzrə I sinfə qəbul fevralın 22-də, Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonunda isə martın 12-də başlayacaq. Elektron sənəd qəbulu sentyabrın 15-dək davam edəcək.

Yalnız Bakı şəhərinin bir sıra məktəblərində I sinfə qəbul ərazi prinsipi əsasında aparılır. Bu isə paytaxtın təxminən 15 faiz məktəbini əhatə edir. Abşeron rayonu, Sumqayıt və Gəncə şəhərlərində I sinfə qəbul prosesində ərazi prinsipi tətbiq olunmur.

2018-2019-cu tədris ili üzrə Bakı şəhəri üzrə I sinfə 50 000-dən çox uşağın qəbulu gözlənilir.

Qeyd edək ki, 2015-2016-cı tədris ilindən Bakı şəhərində dövlət ümumi təhsil məktəblərinin və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların I sinfinə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçirilir. 2015-2016-cı tədris ilində paytaxtdakı dövlət ümumi təhsil məktəbləri üzrə I sinfə 46 578 uşaq qəbul olunub. Onlardan 43 883 nəfəri ümumi təhsil məktəblərini, 2 695 nəfəri isə lisey və gimnaziyaları seçib.

2016-2017-ci tədris ili üzrə paytaxtda I sinfə 47 619 uşaq qəbul olub. Onlardan 44 960 nəfəri ümumi təhsil məktəblərinə, 2 659 nəfəri isə lisey və gimnaziyalara sənəd verib.

• 2017-2018-ci tədris ili üzrə Bakı şəhərinin ümumi təhsil məktəblərinin və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların I sinfinə elektron sistem vasitəsilə qəbul prosesi çərçivəsində 49 342 uşaq qeydiyyatdan keçib. Onların 46 694 nəfəri ümumi təhsil məktəblərinə, 2 648 nəfəri isə lisey və gimnaziyalara qəbul olub.

trend