Otaq bitkiləri arasında görkəminə görə kaktusu heç də ön sıralarda deyil. İynəli tikanları çox vaxt hətta gül həvəskarlarının da ondan üz çevirməsinə səbəb olur. Lakin görkəmi cəlbedici olmasa da, evdə atmosfer yaradılmasında və sakinlərin sağlamlığında müsbət rola malikdir.
İndiyədək kaktusun Avropaya necə və nə üçün gətirilməsi dəqiq məlum olmasa da, bunun 1493- 1502-ci illərdə məşhur səyyah Xristofor Kolumbun Amerikaya səyahətindən sonra gətirildiyini dəqiq söyləmək olar. Yeni dünyadan Avropa qitəsinə kartof, qarğıdalı, tomat və digər bitkilər "ayaq açmağa" başlayıb. Ehtimal ki, ilk kaktusun da Avropaya gəlişi həmin vaxtlara təsadüf edib.
1588-ci ildə Almaniyanın Frankfurt şəhərində bitkiçiliklə məşğul olan fitoterapevt Y. Tabernemontan öz kitabında kaktus haqqında da yazmışdı. Məhz XVI əsrin axırlarında kaktusların ilk kolleksiyaları haqqında məlumatlar üzə çıxmağa başladı.
Orta əsrlərdə kaktus avropalılar üçün ekzotik bitki idisə, Amerika qitəsindəkilər üçün atsek mədəniyyətini bir hissəsi idi və onun meyvələrini yeyərək bəzək bitkisi kimi bağlarda əkir, şəfa vasitəsi kimi istifadə edir və onun sehrli gücünə inanırdılar. Hətta onu qapı və pəncərəyə qoymaqla özlərini müəyyən qüvvələrdən qoruduqlarını güman edirdilər. XIX əsrin birinci yarısında Qərbi Avropada şəxsi kolleksiyalarda xeyli kaktus becərilirdi. Nadir bitki getdikcə daha çox məşhurluq qazanırdı.
Rusiyada ilk kaktuslar Peterburqda görünməyə başladı. 1728-ci ildə istixanalarda becərilən bir sıra tropik bitkilərin arasında kaktus da var idi və 1749-cu ildə onların sırasına kaktusun başqa bir sıra növləri də əlavə olundu. 1857-ci ildə Rusiyadakı İmperator bağının kolleksiyasında artıq kaktusların 270 növü var idi, 1873-cü ildə 806, 1889-cu ildə 1026, 1913-cü ildə 700...
İndi Sankt-Peterburq Botanika bağındakı sukkulent bitkilər kolleksiyasında 2160 növ bitkidən 1200-dən çoxunu kaktuslar təşkil edir.
Kaktus özündə böyük miqdarda enerji saxlayır. O, becərildiyi evdə mənzil sahiblərini mənfi təsirlərdən qoruyur, müsbət enerji yaradır. Onu yerləşdirmək üçün ən yaxşı yer iş otağı, mətbəx və dəhlizdir. Kaktus əqli fəaliyyəti aktivləşdirir, düşüncənin normallaşmasına kömək edir. Miqren ağrılarını neytrallaşdırır, yoluxucu xəstəliklər və eroziya zamanı faydalı təsir göstərir. Onun iş otağındakı pəncərə önünə qoymaq məhsuldar iş şəraitinin təmin edilməsinə xidmət edir.
azertag.az