İslam Səfərlinin 95 illiyi qeyd edilib
19.2.2018

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 8 saylı filialında nəğməkar şair, dramaturq, Əməkdar İncəsənət Xadimi İslam Səfərlinin 95 illiyi münasibətilə “Şairi söz ucaldır” adlı “dəyirmi masa” təşkil edilib.

Baş İdarədən bildirilib ki, əvvəlcə tədbir iştirakçıları kitabxanada təşkil olunmuş İslam Səfərlinin əsərlərindən ibarət “Pıçıldaşan ləpələr” adlı kitab sərgisi ilə tanış olublar.

“Dəyirmi masa” iştirakçılarına şairin yaradıcılığı haqqında geniş məlumat verilib. Bildirilib ki, 18 kitab müəllifi olan İslam Səfərli oçerk, novella, libretto və kinossenari, məqalələr müəllifi kimi də tanınmışdır.

Onun dramaturq kimi böyük uğurlar qazandığını söyləyən natiqlər deyiblər ki, İ.Səfərlinin “Göz həkimi”, “Ana ürəyi”, “Yol ayrıcı”, “Xeyir və Şər”, “Dədəgünəş əfsanəsi” və s. əsərləri müxtəlif vaxtlarda, ayrı-ayrı bölgələrdə tamaşaya qoyulub, tamaşaçı rəğbəti qazanıb.

Tədbirdə İslam Səfərlinin tərcüməçilik fəaliyyətindən də söz açıb.

Qeyd edilib ki, şairin “Bakı, sabahın xeyir”, “Zərif gülüşlüm”, “Bir könül sındırmışam”, “Qonaq gəl bizə”, “Bakılı qız”, “Nə vaxta qaldı”, “Ana”, “Ay qaşı, gözü qara qız”, “Ağ xalatlı həkimlər”, "Gəncliyimi gəzirəm”, “Aylı gecələr” və s. bu kimi yüzlərlə mahnısı dillər əzbəridir.

Tədbirdə iştirak edən məktəblilər şairin şeirlərindən nümunələr söyləyiblər.


azertag.az