Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında animasiya rejissoru və ssenari müəllifi Elçin Axundovun anadan olmasının 70 illiyi münasibətilə yubiley tədbiri keçirilib.
Tədbirdə kinostudiyanın direktoru Müşfiq Hətəmov çıxış edərək E.Axundovun həyat yoluna və yaradıcılığına nəzər salıb. Bildirib ki, rejissor Azərbaycan animasiyasının formalaşmasında və inkişafında xüsusi yeri olan, yaratdığı cizgi filmlərində öz dəstxəti ilə tanınır. Bu gün onun öz təcrübə və bacarığını ötürdüyü tələbələri dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərirlər.
Daha sonra çıxış edənlər qeyd edib ki, sənətkarın Azərbaycanın animasiya sahəsində göstərdiyi xidmətləri layiqincə qiymətləndirilib və o, 2000-ci ildə “Əməkdar Mədəniyyət İşçisi” fəxri adına layiq görülüb.
Qeyd edilib ki, 1968-ci ildən Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin məzunu kimi Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında əmək fəaliyyətinə başlayan Elçin Axundov quruluşçu rəssam kimi çalışdığı “Cırtdan və Div”, “Uçan zürafə”, “Humayın yuxusu”, “Lovğa fil balası” kimi cizgi filmlərində özünü ssenarinin xarakterik ideyasını həmişə duyan, təkrardan, şablondan qaçan bir rəssam kimi göstərib. 1993-cü ildən “Azanfilm” studiyasında direktor, sonralar həm də bədii rəhbər kimi çalışmaqla yanaşı rejissor, rəssam, ssenari müəllifi kimi yeni animasiya filmlərinin yaranmasında iştirak edib. “Ümid”, “Söhbətül- Əsmar”, “Cavanşir”, “Qızıl”, “Qarğa balası və özgə yuvası” kimi animasiya filmləri buna bariz nümunədir.
azertag.az