Azərbaycanda Milli Tolerantlıq Mərkəzi yaradılacaq
9.1.2013

Yaxın zamanda Azərbaycanda Milli Tolerantlıq Mərkəzi fəaliyyətə başlayacaq.

Dini Qurumlarla iş üzrə Dövlət Komitədən verilən məlumata görə, bu barədə komitə sədri Elşad İsgəndərov Almaniyanın ölkəmizdəki səfiri Herbert Kvelle ilə görüşündə bildirib.

Komitə sədri Azərbaycanda dünyaya nümunə ola biləcək mövcud dinlər və məzhəblərarası tolerantlıq modeli haqqında danışıb, bu sahədə Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüslərinin dünyada gedən proseslərə müsbət təsirini qeyd edib. E.İskəndərov bu təcrübənin daha dərindən öyrənilməsi və tətbiq olunması məqsədilə ölkədə milli tolerantlıq mərkəzinin yaradılmasına ehtiyac olduğunu bildirib.

Səfir H.Kvelle bu gün Avropa ölkələrində tolerantlığın iflasa uğraması ilə bağlı səslənən fikirlərə aydınlıq gətirib: “Bunun əsasında çoxmədəniyyətli cəmiyyətlərin mövcudluğunun özü-özlüyündə Avropa üçün yeni çağırış olması məsələsi durur. Ona görə söhbət bu çağırışlara adekvat cavab verəcək intellektual və təcrübə resursunun azlığından gedir”. Bu fikrə münasibət bildirən E.isgəndərov isə qeyd edib ki, multikulturalizm mühitinin qorunması hər bir müasir dövlətin prioriteti olmalıdır və bu sahədə Avropa ölkəsi olan Azərbaycan bütün Avropa üçün bir ümid yeridir.

Görüş zamanı Almaniya səfiri Azərbaycandakı lüteran kilsəsi icmasının fəaliyyəti üçün yaradılan şəraitdən razılığını ifadə edib, həmçinin Azərbaycan və Almaniya arasında tarixi əlaqələrin geniş təbliğ olunması, o cümlədən Azərbaycanda alman əsilli insanların mənəvi-mədəni irsinin qorunması və tanıdılması barədə fikir mübadiləsi aparılıb, bir sıra maraqlı təkliflər müzakirə olunub.

APA