Vyanada gənc rəssam Nərgiz Quliyevanın əsərlərindən ibarət sərgi açılıb
20.2.2018

Vyana şəhərində fəaliyyət göstərən ALMA qalereyasında "Culture Meeting Point" mədəniyyət qurumunun təşkilatçılığı ilə istedadlı gənc rəssam, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunu Nərgiz Quliyevanın əsərlərindən ibarət “Rənglərin Şərq-Qərb interaksiyası” adlı sərginin açılışı olub.

Sərginin açılışında çıxış edən "Culture Meeting Point" təşkilatının musiqi üzrə rəhbəri, incəsənət üzrə fəlsəfə doktoru, musiqişünas Fərəh Tahirova rəssam Nərgiz Quliyevanın yaradıcılığı haqqında tədbir iştirakçılarına məlumat verib.

N.Quliyevanın sənət fəaliyyəti, mükafatları və dünyanın müxtəlif ölkələrində sərgilərindən bəhs edən F.Tahirova Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Almaniyada təşkil edilmiş Azərbaycan mədəniyyət günləri çərçivəsində rəssamın əsərlərinin Berlin, Ştutqart, Hamburq, Dortmund, Münxen, Köln və digər şəhərlərdə uğurla sərgiləndiyini bildirib. Eyni zamanda, rəssamın əsərlərinin Parisdə Luvr muzeyində də nümayiş olunduğunu diqqətə çatdırıb.

Qeyd edilib ki, bu sərgi N.Quliyevanın Avstriyada sayca ikinci sərgisidir, ötən ilin payızında Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində rəssamın əsərləri nümayiş olunub.

Sərgidə təqdim olunan əsərlər, xüsusilə Abşeron mövzusu, həyatın mənasi və insanın həyatdakı məqsəd və amalları haqqında fəlsəfi düşüncələr, eləcə də Azərbaycanın milli atributlarının, qədim xalça, metal və digər əl işlərinin əks olunduğu tablolar qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Sərginin açılışından sonra Vyana Musiqi və Səhnə Sənətləri Universiteti və Lints Anton Brukner Universitetinin tələbəsi Abuzər Manafzadə konsert proqramı ilə çıxış edib. O, sərgi mövzusuna uyğun olaraq, tanınmış rus bəstəkarı Modest Musorqskinin “Bir sərginin rəsmləri“ əsərini ifa edib.

Sərgidə Azərbaycan səfirliyinin əməkdaşları, Vyana İncəsənət Akademiyasının müəllim və tələbələri, beynəlxalq təşkilatların təmsilçiləri, incəsənət həvəskarları və tələbələr iştirak ediblər.

azertag.az