“Qadınlar yaradır...” layihəsinə yekun vurulub
21.2.2018

“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının tövsiyəsi və UNESCO-nun maddi dəstəyi ilə həyata keçirdiyi “Qadınlar yaradır: Azərbaycanda gender bərabərliyi və qadınların uğurlarına dair yaradıcı söhbətlər” layihəsinin yekunlarına həsr edilmiş təqdimat mərasimi keçirib.

Layihə çərçivəsində ötən ilin yayında 40-a yaxın gənc azərbaycanlı qadın rəssam və yazar üçün seminarlar təşkil edilib. Seminarlar zamanı yaradıcı qadınlar Azərbaycan qadınının həyatına, uğurlarına, həyatda rastlaşdıqları problemlərə dair söhbətlər aparıb, yaradıcılıq mübadiləsi əsasında yazıçılar rəsmlərə bədii əsərlər - kiçik hekayə, şeir və esse həsr edib, rəssamlar isə yeni yazılan bədii nümunələrə rəsm çəkib.

Seminarlara Amerika Birləşmiş Ştatlarının Kaliforniya Dövlət Universitetinin müəllimi, şair və tərcüməçi Əlison Məndəvil, Azərbaycan Dillər Universitetinin dosenti və “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri Şəhla Nağıyeva rəhbərlik edib.

Rəssamlarla yazarların yaradıcı ünsiyyəti nəticəsində yaranan əsərlər toplu şəklində nəşrə hazırlanıb və bədii nümunələr ingilis dilinə tərcümə edilib.

Sonda “Azərbaycan qadını yaradır: Yazarlarla rəssamlar arasında ünsiyyət” adlı kitab-albomda rəsm əsərləri onlara yazılmış bədii nümunələr və onların ingilis dilinə tərcüməsi ilə birlikdə nəşr edilib.

“Qadınlar yaradır: Azərbaycanda gender bərabərliyi və qadınların uğurlarına dair yaradıcı söhbətlər” layihəsinin yekunlarına həsr edilmiş mərasimdə həmin kitab təqdim edilib, yaradıcı seminarlar zamanı çəkilən rəsmlərdən ibarət sərgi təşkil olunub. Yazar qadınlardan bəziləri kitabda verilən bədii parçalardan nümunələr oxuyublar.

Azərbaycan Dillər Universitetinin Amerika Mərkəzində keçirilən təqdimat mərasimində Azərbaycan Dillər Universitetinin prorektoru vəzifəsini icra edən Sərraf Hüseynov, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası Daimi Katibliyinin ikinci katibi Leyla Hacıyeva, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Könül Bünyadzadə çıxış edərək layihənin əhəmiyyəti barədə danışıblar. Yazıçılardan Svetlana Turan, Jalə İsmayıl, Rəbiqə Nazimqızı, Sevinc Çılğın, Nuranə Nur, Aysel Kərim və başqaları layihədə iştirakları barədə danışıb, bədii nümunələr oxuyublar.

Qeyd edək ki, 2004-cü ildə dövlət qeydiyyatına alınan “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi bundan əvvəl UNESCO-nun maliyyə dəstəyi ilə daha iki layihə həyata keçirib. Tərcümə ədəbiyyatına dair məlumatların toplandığı “Azərbaycan dilinin xəzinəsi” adlı sayt (http://www.translit.az/) yaradıb, Azərbaycan klassik qadın yazıçılarının poeziya antologiyasını Azərbaycan və ingilis dillərində nəşr etdirib.

azertag.az