Azərbaycanda “Microsoft Imagine Cup” müsabiqəsinə ərizələrin qəbuluna başlanılıb
21.2.2018

Azərbaycanda “Microsoft Imagine Cup” müsabiqəsinə ərizələrin qəbuluna başlanılıb.

“Microsoft” şirkəti tələbələri, magistrləri və birinci tədris ilinin aspirantlarını “Imagine Cup” beynəlxalq innovasiya müsabiqəsinin milli turunda iştirak etməyə dəvət edir. İştirak üçün onlayn-ərizələrin qəbulu fevralın 26-dək davam edəcək.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Təhsil, Gənclər və İdman nazirlikləri, Müəllif Hüquqları Agentliyi, “Microsoft Azərbaycan” şirkəti, PAŞA Bank və “Nar” mobil rabitə operatoru “Imagine Cup 2018” innovasiya müsabiqəsinin milli turuna start verib.

“Microsoft-Azərbaycan” şirkətindən bildirilib ki, gənc istedadlar arasında keçirilən “Imagine Cup 2018” beynəlxalq texnoloji müsabiqənin milli finalı aprel ayında Bakıda keçiriləcək.

Milli mərhələ çərçivəsində komandalar layihələrini ekspertlərdən ibarət münsiflər heyətinə təqdim edəcəklər. Həmin turun qalibləri “Imagine Cup 2018”in ABŞ-da keçiriləcək finalında iştirak etmək və layihənin gələcək inkişafı üçün nəzərdə tutulmuş və müsabiqənin əsas mükafatı - 100 min ABŞ dolları uğrunda mübarizə aparmaq imkanı qazanacaqlar. Bir çox tələbə üçün “Imagine Cup” kimi nüfuzlu müsabiqədə iştirak uğurlu karyeranın başlanğıcı hesab olunur. Komandalar ilk layihələrini təqdim edərək informasiya texnologiyaları sahəsinin aparıcı mütəxəssislərindən tövsiyələr alırlar.

“Təhsil sahəsi “Microsoft” şirkətinin prioritet istiqamətlərindən biridir. “Microsoft”un Azərbaycan üzrə Milli Planının əsas komponentləri ölkədə innovasiya sahəsinin inkişafı, müəssisələrin iqtisadi səmərəliliyinin artırılması və təhsil sisteminin transformasiyasıdır. “Microsoft Imagine Cup” innovasiya sahəsində gənclərin gələcək inkişafına, karyera yüksəlişi və yeni perspektivlərə təkan verən bir müsabiqədir. Məqsədimiz Azərbaycan tələbələrinin istedadını üzə çıxarmaq, onların sabahın bazar tələblərinə hazırlıqlı mütəxəssis kimi yetişdirilməsi üçün şərait yaratmaqdır. Biz tərəfdaşımızla birgə yenilikçi fikir və texniki həllərin yerli və beynəlxalq bazarlara “Made in Azerbaijan” nişanı ilə çıxarıla bilməsi üçün innovasiya ekosistem yaratmaq istəyirik”, - deyə “Microsoft Azərbaycan” şirkətinin Azərbaycan üzrə baş direktoru Sərxan Həşimov bildirib.

“Imagine Cup 2018” müsabiqəsinin əsas texniki şərtinə görə, təqdim olunan bütün layihələrdə “Microsoft Azure” bulud xidməti istifadə olunmalıdır. Bu il əlavə 3 nominasiya (“Mixed Reality”, “Artificial Intelligence” botlar, “Big Data”) üzrə də seçim aparılacaq.

Müsabiqədə iştirak etmək üçün qeydiyyat bu elektron ünvanda aparılır: https://imagine.microsoft.com/AZ.

azertag.az