Fevralın 21-də Heydər Əliyev Sarayında tanınmış bəstəkar, Xalq Artisti Elza İbrahimovanın 80 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib.
Tədbirdə Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi Sərdar Fərəcov Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 22 dekabr tarixli Sərəncamına əsasən Xalq Artisti Elza İbrahimovanın anadan olmasının 80 illik yubileyinin dövlət səviyyəsində qeyd edildiyini vurğulayıb. Bildirib ki, ömrünün 50 ilindən çoxunu bəstəkarlıq sənətinə həsr etmiş Elza İbrahimova sənətin ən yüksək zirvələrini fəth edərək musiqisevərlərin ürəyində özünə əbədi heykəl ucaldıb.
Dahi bəstəkar Qara Qarayevin tələbəsi olmuş Elza İbrahimovanın mahnıdan tutmuş operayadək musiqinin müxtəlif janrlarında bəstələdiyi əsərlər arasında fortepiano üçün prelüd və variasiya silsilələri, “Fortepiano üçün sonatina”, “Skripka və fortepiano üçün skerso”, “İki skripka üçün birhissəli kvartet”, “Fortepiano üçün trio”, simfonik poema, oratoriya, vokal-instrumental kamera əsərləri, bir sıra tamaşalara yazdığı musiqiləri xüsusi yer tutur. Peşəkar musiqiçinin ürəyini qoyduğu bütün bu əsərlər dərin məzmunu və yüksək bədiiliyi ilə səciyyələnir.
Azərbaycanın görkəmli şairlərinin şeirlərinə bəstələdiyi gözəl lirik mahnıların hər zaman sevilərək ifa olunduğunu söyləyən Sərdar Fərəcov, bəstəkarın son dövr yaradıcılığında vətənpərvərlik mövzusunda yazdığı “20 Yanvar”, “Qarabağ”, “Şəhid qardaş”, “Səngərlər”, “Yanan laylalar” və digər əsərlərinin bu gün də populyar olduğunu deyib.
Qeyd edib ki, Elza İbrahimovanın istedadı və orijinal yaradıcılıq üslubu haqqında Cövdət Hacıyev, Qara Qarayev, Niyazi, Murad Kajlayev, Arif Məlikov kimi dünya şöhrətli sənətkarlar yüksək fikirlər söyləyiblər.
Şübhəsiz ki, Elza İbrahimovanın musiqi dünyasında mahnı janrı xüsusi yer tutur. Onun ilk mahnısı olan “Yalan ha deyil” (sözləri Məmməd Rahimin) 1969-cu ildə Şövkət Ələkbərova tərəfindən ifa edilib. Özü də bu, bəstəkarın musiqi yazıldıqdan sonra ona uyğun şeir seçdiyi yeganə əsəridir.
Onun mahnıları vətənpərvərlik, insanlara məhəbbət, sevgi duyğularının özünəməxsus ifadə tərzi ilə seçilir. Bu əsərlərdə Azərbaycan və Qərb musiqisinin uğurlu sintezi var. Bəstəkarın mahnıları emosionallığı və melodikliyi ilə dinləyicini düşünməyə və sevməyə sövq edir. Onun hər bir əsəri dinləyicini fərqli duyğular aləminə aparır. Bütün bu keyfiyyətlər Elza İbrahimovanın əsərlərinə ölməzlik qazandırıb. Təsadüfi deyil ki, Xalq Şairi Bəxtiyar Vahabzadə vaxtilə Elza İbrahimovanın yaradıcılığını “mahnı janrında lövhə ustası” kimi səciyyələndirib.
Tam əminliklə deyə bilərik ki, müasir musiqi mədəniyyətində bundan sonra hansı cərəyanlar yaransa belə, Elza İbrahimovanın əsərləri əbədi yaşayacaq, onun sehrli musiqisi hələ neçə-neçə nəsilləri heyran edəcək.
Tədbir konsert proqramı ilə davam edib. Konsertdə görkəmli bəstəkarın repertuarından sevilən mahnılar səsləndirilib.
azertag.az