Mariya Teatrında Timur Əsgərovun iştirakı ilə “Marqarita və Arman” baleti oynanılacaq
22.2.2018

Martın 4-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında Frederik Aştonun “Marqarita və Arman” baleti nümayiş etdiriləcək.

Teatrın saytına istinadla xəbər verilir ki, səhnə əsərində Armanın partiyasını gənc balet artisti Timur Əsgərov ifa edəcək. Baletin dünya premyerası 1963-cü il martın 12-də Londonda Kral Opera Teatrında olub. Səhnə əsəri Mariya Teatrında ilk dəfə 2014-cü il iyulun 8-də nümayiş etdirilib.

T.Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Ukrayna Milli Akademik Opera və Balet Teatrında çalışıb. 2011-ci ildən Mariya Teatrının truppasında fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il 1 fevral tarixli Sərəncamı ilə T.Əsgərov Gənclər üçün Prezident Mükafatına layiq görülüb. 2015-ci ildə Rusiya Böyük Teatrının səhnəsində görkəmli bəstəkar Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletində Fərhadın partiyasını oynayıb. O, Mariya Teatrı truppası ilə birlikdə Avropa, Amerika və Asiya ölkələrində qastrolda olub.

azertag.az