Xarici şirkətlər Azərbaycan şirkətlərinin 4 ölkədə distribüter mərkəzlərinin yaradılmasına maraq göstərir
22.2.2018

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində keçirilən "Gulfood 2018" Beynəlxalq Ərzaq Sərgisi davam edir.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, hər il 95 min insanın ziyarət etdiyi sərgidə Azərbaycanın "Made in Azerbaijan" vahid ölkə stendində nümayiş olunan məhsullar ziyarətçilər və tədbirdə iştirak edən xarici şirkətlər tərəfindən maraqla qarşılanır. Sərgi çərçivəsində Azərbaycan istehsalı olan mineral suların, şirniyyat, süd və konserv məhsullarının, nar şərabın, qurudulmuş xurma, fındıq və şokolad məhsullarının BƏƏ-yə, Küveytə, İtaliyaya, Pakistana, Türkmənistana, Almaniyaya, Səudiyyə Ərəbistanına, Avstraliyaya ixracına dair, habelə xarici iri market şəbəkələrinə, otellərə satışına dair danışıqlar aparılır.

Bundan başqa, sərgidə iştirak edən xarici şirkətlər Azərbaycan şirkətlərinin Dubayda, İranda, Küveytdə və Bəhreyndə distribüter mərkəzlərinin yaradılmasına maraq göstərirlər.

azertag.az