Azərbaycan şirkəti Özbəkistanın dövlət qurumu üçün innovativ texnologiyaların tətbiqini həyata keçirəcək
23.2.2018

Azərbaycanın qabaqcıl informasiya texnologiyaları şirkəti olan “Cybernet” və Özbəkistanın Dövlət Torpaq, Geodeziya, Kartoqrafiya, Xəritəçəkmə və Kadastr Komitəsi nəzdində "Kompüterləşmə və Geoinformasiya Texnologiyalarının Təşviqi və İnkişafı Mərkəzi" Dövlət Unitar Müəssisəsi arasında Anlaşma Memorandumu imzalanıb.

Şirkətdən verilən məlumata görə, imzalanma mərasimi 13 fevral 2018-ci il tarixində Özbəkistanın Daşkənd şəhərində keçirilib.

Memorandum çərçivəsində Azərbaycan şirkəti Özbəkistanın dövlət qurumuna İKT-nin inkişafı üzrə strategiyanın hazırlanması, informasiya texnologiyalarının idarə edilməsi sisteminin təkmilləşdirilməsi sahəsində xidmət göstərəcək. “Cybernet” şirkəti adı çəkilən dövlət qurumu üçün müvafiq sahədə konsaltinq xidmətini təmin edəcək. Daşınmaz əmlakın qeydiyyatı və kadastr idarəetmə sisteminin təkmilləşdirilməsi və effektiv fəaliyyəti məqsədilə proqram təminatı məhsulları hazırlayacaq. Eyni zamanda, ERP, CRM və BI-sistemlərinin tətbiqi nəzərə alınmaqla, biznesin avtomatlaşdırılması xidmətlərini yerinə yetirəcək.

Memorandum çərçivəsində həyata keçiriləcək tədbirlər Özbəkistan Respublikası Dövlət Torpaq, Geodeziya, Kartoqrafiya, Xəritəçəkmə və Kadastr Komitəsinin yerinə yetirdiyi layihələrin icrasını sürətləndirəcək. Ümumən Özbəkistanda innovativ texnologiyaların tətbiqinin genişlənməsinə, informasiya cəmiyyətinin inkişafına şərait yaradacaq.

2004-cü ildən fəaliyyətdə olan “Cybernet” şirkəti həm Azərbaycanla yanaşı, Mərkəzi Asiya və digər ölkələrdə İKT xidmətləri və texniki həllər üzrə xidmət göstərir. Şirkət müasir informasiya sistemlərinin işlənib hazırlanmasında, o cümlədən Azərbaycanda elektron hökumətin qurulmasında böyük təcrübəyə malikdir. Cybernet bundan öncə Qazaxıstan Səhiyyə Nazirliyi üçün proqram təminatının hazırlanmasını və tətbiqini uğurla həyata keçirib.

trend.az