“Gazelli Art House” - Azərbaycan paytaxtının mərkəzində möhtəşəm qalereya
23.2.2018

Bakıda muzeylərin və qalereyaların sayı ilbəil artır. Respublikamızın paytaxtında populyar yerli və əcnəbi rəssamların müxtəlif mövzulara həsr edilmiş əsərlərinin sərgiləri keçirilir. Belə mədəniyyət ocaqlarından biri də “Gazelli Art House” müasir incəsənət qalereyasıdır.

“Gazelli Art House” dünyanın müxtəlif ölkələrində çoxsaylı rəssamları dəstəkləyir, Londonda və Bakıda beynəlxalq sərgi məkanlarının müxtəlif auditoriyalarında geniş müzakirə obyekti olan sərgilər təşkil edir.

2003-cü ildə Bakıda yaradılmış, təsisçisi və direktoru Mila Əsgərova olan “Gazelli Art House” qalereyasında ilk vaxtlar yalnız Azərbaycan rəssamlarının sərgiləri keçirildi. 2010-cu ildən etibarən “Gazelli Art House” Londonun müxtəlif guşələrində müntəzəm surətdə sərgilər təşkil edir. 2012-ci ilin mart ayında M.Əsgərova Londondakı Dauv küçəsində daimi fəaliyyət göstərən sərgi məkanı yaradıb. “Gazelli Art House”un incəsənət sahəsində maarifləndirmə proqramının bir hissəsi olan bu qalereya hər bir sərgi çərçivəsində müxtəlif tədbirlər və mühazirələr təşkil edir.

2017-ci ildə “Gazelli Art House Baku” öz məkanını genişləndirib. Qalereyanın yeni binada fəaliyyəti “The Approach” adlı qrup şəklində sərgi ilə başlanıb. Burada müasir incəsənətin ən yaxşı nümunələri nümayiş etdirilirdi. Növbəti layihə (“Domestic Alien”) çərçivəsində Bakıda dünyaşöhrətli dörd rəssamın – Ell Anatsuya (Qana), Frans Akkerman (Almaniya), Mikelancolo Pistoletto (İtaliya) və Riçard Uilsonun (Böyük Britaniya) işləri nümayiş etdirilib. Bu sənətkarların əsərləri qloballaşmaqda olan dünyada sosial və mədəni dəyərləri fərqləndirən cəhətləri əks etdirir.

“Gazelli Art House” qalereyasının mütəxəssisi Aygün Quliyeva bildirib ki, bu müasir incəsənət qalereyası Avropa standartlarına uyğundur və öz növbəsində bizim şəhərin kontekstinə universal şəkildə uyğun gəlir, şəhər peyzajının cəlbediciliyini daha da artırır. Bakının lap mərkəzində yerləşən “Gazelli Art House” müasir incəsənət pərəstişkarları üçün yüksək sənət məkanıdır. Burada dünyaşöhrətli rəssamların işləri nümayiş etdirilir. Qalereya müasir incəsənətin rəngkarlıq, fotoqrafiya, qrafika, müxtəlif materiallardan instalyasiya və başqa müxtəlif janrlarına aid nümunələrlə işləyir. Qalereyanın məsləhətçiləri bu gün bazarda təklif edilən müxtəlif incəsənət əsərlərinin ən yaxşılarını tapmağa kömək edir.

A.Quliyeva deyib: “İndi “Gazelli Art House” yeni ekspozisiya və sərgilər təşkil etməyə hazırlayır, dünyanın bir sıra muzeyləri ilə fəal əməkdaşlıq edir, öz kolleksiyalarını müvəqqəti nümayiş etdirilmək üçün həmin muzeylərə təqdim edir, mədəni-maarifçilik proqramları hazırlayır, ən iri art-yarmarkalarda və muzey festivallarında iştirak edir”.

“Gazelli Art House” qalereyasının ekspozisiyası buraya gələnləri heyran edir. Hazırda burada dünyaşöhrətli müasir rəssamların, o cümlədən Stenli Kassleman, Covanni Ozola, Valter Zoniel, Aron Demes, Saad Qureşi, Kalioppi Lemos, Ceyn Makadem Freyd, Niyaz Nəcəfov, Əziz Kuçer, Aaron Koblin, Ben Triklbank, Şarlotta, Filipp, Kolbert, Françesko Codis, Ceyms Oster və Kyunq Vu Xan kimi sənətkarların əl işləri təqdim olunub. Qalereyaya gələn hər kəs burada ağac və metaldan heykəltəraşlıq işləri, rəsm əsərləri, fotoşəkillər və müxtəlif instalyasiyalarla tanış ola bilər.

Qeyd edək ki, qalereyaya giriş pulsuzdur. Qalereyanın iş saatları hər gün saat 12:00-dan 20:00-dək, istirahət günü bazar ertəsidir. Ünvan: L.Tolstoy küçəsi, 172. Əlavə almaq üçün 012-498-12-30 nömrəli telefona zəng vura və ya www.gazelliarthouse.com saytına müraciət edə bilərsiniz.

azertag.az