Qərbi Kaspi Universitetində “Startup günləri” keçirilib
26.2.2018

Qərbi Kaspi Universitetinin (Western Caspian University) təşkilatçılığı ilə “Startup günləri” keçirilib.

Universitetdən bildirilib ki, açılışda çıxış edənlər tədbirin əhəmiyyətinə toxunub, yaxşı ənənələrə malik olan Qərbi Kaspi Universitetinin bu gün də innovativ layihələr həyata keçirdiyini, “Startup günləri”nin də belə tədbirlərdən biri olduğunu vurğulayıblar. Qeyd edilib ki, təhsil ocaqları iqtisadiyyatın, istehsalatın çağırışlarına cavab verməli, kadr hazırlığında bu tələblərə doğru getməlidir. “Startup günləri” məhz bu çağırışa reaksiyalardan biridir.

Yarışın ilk günündə gənc startupçuların ideyaları münsiflər heyəti tərəfindən qiymətləndilib. “Startup günləri”nə tələbələrlə yanaşı 100-ə yaxın məktəbli də qatılıb və onlardan 15-i final mərhələsinə keçə bilib. Qalib gələn biznes ideyaları ətrafında komandalar formalaşıb və layihələrin prototipinin hazırlanmasına başlanılıb.

Tədbirin ikinci günündə yeni başlayan startupçular üçün beynəlxalq ekspertin iştirakı ilə təlimlər keçirilib. Eyni zamanda, yerli startup sahiblərinin, ekspertlərin və informasiya texnologiyaları üzrə şirkət rəhbərlərinin internet biznesə maraq göstərən tələbə-gənclərlə görüşləri təşkil olunub.

Ən innovativ altı ideyaya sahib komanda final mərhələsində yarışıb. Gərgin və maraqlı keçən yarışda ən yaxşı üç ideya qalib seçilib. Qaliblərə sertifikat və hədiyyələr təqdim olunub.

Qeyd edək ki, Qərbi Kaspi Universitetinin keçirdiyi “Startup günləri”nə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Startup Azərbaycan” layihəsinin təşkilat komitəsi, Yüksək Texnologiyalar Parkı, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu təşkilati dəstək verir.

“Startup günləri”nin keçirilməsində məqsəd yeni startupların yaradılmasına kömək etmək və bu istiqamətdə tələbələrə informasiya-metodiki dəstək göstərmək, eləcə də internet biznesin inkişafına təkan vermək və milli startup infrastrukturunu inkişaf etdirməkdən ibarətdir.

azertag.az