Bakı Ali Neft Məktəbində (BANM) Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı tədbir keçirilib.
Ali Məktəbdən verilən məlumata görə, əvvəlcə tədbir iştirakçıları Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini birdəqiqəlik sükutla yad ediblər.
Daha sonra tədbiri BANM-in rektoru Elmar Qasımov açaraq 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş Xocalı soyqırımını Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcək qəddar və dəhşətli cinayət adlandırıb. O qeyd edib ki, bu hadisə təcavüzkar ermənilər tərəfindən Azərbaycan xalqı üçün təşkil edilən yeganə soyqırımı olmayıb, ondan əvvəl də xalqın başına dəfələrlə oxşar müsibətlər gətirilib. E.Qasımov ölkə başçısı İlham Əliyevin uzaqgörən siyasəti və Azərbaycan xalqının güclü iradəsi nəticəsində bu gün Xocalı soyqırımının dünya ictimaiyyətinə tanıdılması uğrunda böyük addımlar atıldığını bildirib və bütün iştirakçıları, eləcə də gəncləri bu istiqamətdə fəal olub millətin günahsız tökülən qanının yerdə qalmaması üçün bu soyqırımının dünyaya çatdırılmasında dövlətə dəstək olmağa çağırıb.
Tədbirdə Ali Məktəbin İngilis dili və humanitar fənlər mərkəzinin dosenti, tarix üzrə fəlsəfə doktoru Ələmdar Şahverdiyev Xocalı soyqırımının bütün tarixi təfərrüatları ilə bağlı tədbir iştirakçılarına məlumat verib.
Daha sonra Ali Məktəbin “Neft-qaz mühəndisliyi” ixtisası üzrə təhsil alan 3-cü kurs tələbələri Fərdin Vətəni və Ramal Nadirov Xocalı soyqırımına həsr olunmuş təqdimatla çıxış ediblər. Gənclər bu dəhşətli soyqırımın nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 dinc sakinin qətlə yetirildiyini, 8 ailənin tamamilə məhv edildiyini, 25 uşağın hər iki valideynini itirdiyini, 130 uşağın isə valideynlərindən birini itirdiyini bildiriblər. Soyqırım günü 1275 xocalılı əsir, 150 xocalılı itkin düşüb. Gənclər bu soyqırımın erməni faşistləri tərəfindən insanlığa qarşı törədilmiş terror aktı kimi bütün dünyaya tanıdılması üçün əllərindən gələni əsirgəməyəcəklərinə söz veriblər və bütün tələbələri bu məqsəd uğrunda birləşməyə çağırıblar.
Xocalı soyqırımının ildönümü münasibətilə Ali Məktəbin rəhbərliyi, professor-müəllim heyəti, tələbələri və administrativ kollektivi Xocalı prospektində Xocalı soyqırımının qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini də ziyarət ediblər.
report.az