Doqquzuncu sinif buraxılış imtahanlarının birinci mərhələsinin keçirilmə qrafiki açıqlanıb
27.2.2018

Dövlət İmtahan Mərkəzi (DİM) bölgələr üzrə ümumi orta təhsil bazasında (9-cu sinif) buraxılış imtahanlarının birinci mərhələsinin keçirilmə qrafikini açıqlayıb.

DİM-dən bildirilib ki, bölgələr üzrə ümumi orta təhsil bazasında (9-cu sinif) buraxılış imtahanlarının I mərhələsi martın 4-də Bakı, Şirvan və Naxçıvan Muxtar Respublikasında, martın 11-də Sumqayıt, Abşeron, Gəncə, Göygöl, Samux, Naftalan, Goranboy, Daşkəsən, Şəki, Oğuz, Qəbələ, Lənkəran, Astara, Biləsuvar, Ağsu, Zərdab, Şamaxı, Kürdəmir, Ağdam, Yevlax, Bərdə, Tərtər, İmişli, Saatlı, Sabirabad, Xaçmaz və Şabranda, martın 18-də isə Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Mingəçevir, Balakən, Zaqatala, Qax, Yardımlı, Cəlilabad, Masallı, Lerik, Göyçay, Ağdaş, Ucar, İsmayıllı, Qobustan, Ağcabədi, Xocavənd, Füzuli, Beyləqan, Salyan, Neftçala, Hacıqabul, Qusar, Quba, Siyəzən və Xızıda təşkil olunacaq.

Məcburi köçkün rayonlarından olan şagirdlər buraxılış imtahanını orta ümumtəhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda) yuxarıda qeyd olunan vaxtda verəcəklər.

Heydər Əliyev adına Hərbi Lisey və C.Naxçıvanski adına Hərbi Liseyin şagirdləri üçün imtahan martın 4-də, peşə liseyləri (11-ci sinif), Bakı şəhərində yerləşən xüsusi məktəblərin – internat məktəbləri, tədrisi ingilis dilində olan məktəblər, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində olan məktəblərin şagirdləri üçün martın 18-də keçiriləcək.

Martın 4-də keçiriləcək imtahanda iştirak edən şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni

https://eservices.dim.gov.az/sagirdbv/?frm=egov keçiddən çap edə bilərlər.

azertag.az