Ukraynanın ən iri aviaşirkəti olan «Aerosvit» fevral ayından etibarən Kiyev-Bakı-Kiyev marşrutu ilə aviareysləri dayandıracaq.
Heydər Əliyev Beynəlxalq Hava Limanından bildirilib ki, bunun səbəbi Ukrayna aviaşirkətinin üzləşdiyi maliyyə çətinlikləri ilə bağlıdır.
Aeroportdan verilən məlumata görə, hazırda «Aerosvit» sözügedən marşrut üzrə uçuşları həftənin II, III, V və VII günləri yerinə yetirir: «Buna baxmayaraq, aviaşirkətin Kiyev-Bakı-Kiyev aviareysi gecikmə ilə yerinə yetirilir və ya ötün gün olduğu kimi ümumiyyətlə həyata keçirilməyib. Buna baxmayaraq, yanvarın 11-də saat 06:15-də Bakı-Kiyev reysi üzrə uçuşun həyata keçiriləcəyi gözlənilir. Ümumiyyətlə, «Aerosvit» bu marşrut üzrə uçuşları yanvarın sonunadək yerinə yetirəcək və artıq fevral ayından etibarən Kiyev-Bakı və Bakı-Kiyev aviareyslərini bağlayacaq».
Aeroportdan həmçinin bildirilib ki, Kiyev-Bakı-Kiyev aviareyslərini artıq «Ukrayna Beynəlxalq Hava Yolları» aviaşirkəti («Ukraine International Airlines») yerinə yetirməyə başlayıb. Sözügedən şirkət bu marşrut üzrə uçuşları hər həftənin I günləri həyata keçirir.
Bakı-Kiyev-Bakı aviareysi üzrə uçuşları yerinə yetirən «Azərbaycan Hava Yolları» QSC-dən (AZAL) «APA-Economics»ə verilən məlumata görə, AZAL sözügedən marşrut üzrə aviareyslərin sayını artırmaq niyyətində deyil. AZAL Bakıdan Kiyevə uçuşları hər həftənin I, IV və VI günləri həyata keçirir.
Qeyd edək ki, «Aerosvit» yanvarın 9-u yerinə yetirilməli bir sıra daxili və beynəlxalq aviareyslərini ləğv edib. Belə ki, yanvarın 9-da Kiyevdən İrəvana və Praqadan Kiyevə aviareyslər yerinə yetirilməyib. Eyni zamanda, Kiyevdən Varşava, Afina, Buxarest, Simferopol, Minsk, Donetsk, Odessaya, Bakı, həmçinin aviaşirkətin Afina, Buxarest, Simferopol, Minsk, Donetsk, Odessa və Bakıdan Kiyevə aviareysləri təxirə salınıb. Yanvarın 9-da «Aerosvit»in 421 saylı Kiyev-Bakı aviareysi yerinə yetirilməyib. Təyyarə cədvəl üzrə saat 17:55-də Bakıda enməli və saat 19:05-də əks istiqamətdə havaya qalxmalı idi. Bu səbəbdən 422 saylı Bakı-Kiyev aviareysi də həyata keçirilməyib.
Xatırladaq ki, «Aerosvit» şirkəti Kiyev Təsərrüfat Məhkəməsinə iflas barədə müraciət təqdim edib. Məhkəmənin qərarında göstərilir ki, şirkətin 27 dekabr 2012-ci ilə qədər olan borcu 4,270 mlrd. qrivna (537,5 mln. ABŞ dolları), aktivlərinin balans dəyəri isə 1,467 mlrd. qrivna (184,6 mln. dollar) təşkil edir. Dekabrın 29-da sözügedən məhkəmə aviaşirkətin iflas olması barədə işin başlanmasına dair qərar qəbul edib. Bu addımla aviaşirkət öz vəziyyətini yaxşılaşdırmaq niyyətindədir. Hazırda «Aerosvit»in bir çox ölkələrdə aviareysləri ləğv olunur ki, hava limanlarında yüzlərlə sərnişin ləngiyir.
APA