Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında Ümumdünya İmmunitet Gününə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə çıxış edənlər - ATU-nun Tədris Terapevtik Klinikasının tədris və elmi işlər üzrə direktor müavini, dosent Adil Nuriyev, ATU-nun II Uşaq Xəstəlikləri kafedrasının professoru Surxay Musayev, klinik immunologiya kursunun professoru Gülnarə Nəsrullayeva və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktorunun müavini Afaq Əliyeva Ümumdünya İmmunitet Gününün yaranma tarixi barədə məlumat veriblər.
Qeyd edilib ki, Dünya Səhiyyə Təşkilatının (DST) təşəbbüsü ilə 2002-ci ildən etibarən hər il martın 1-də qeyd olunan Ümumdünya İmmunitet Gününün məqsədi immun sisteminin əhəmiyyəti, onun fəaliyyət xüsusiyyətləri və onu möhkəmləndirmək üsulları barədə əhalini məlumatlandırmaqdır.
Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, immunitet sistemi insan hələ ana bətnində olarkən formalaşmağa başlayır. Bizim ətrafımızda milyonlarla bakteriya, virus və allergenlər mövcuddur. Onlarla hər an üzləşirik, lakin bizi kənar “düşmənlərdən” qoruyan immun sisteminin sayəsində biz xəstələnmirik. Əgər immun sistemi olmasaydı, insan bir-birinin ardınca müxtəlif xəstəliklərə tutular, hər dəfə bu xəstəliklərə qarşı birinci dəfə olduğu kimi mübarizə aparmaq zərurəti yaranardı. Bununla bərabər, orqanizmdə stress yaradan və immun sistemini zəiflədən amillər də var. Məsələn yuxunun pozulması, qidalanmada tarazlığa riayət edilməməsi, fiziki gərginliyin düzgün seçilməməsi, ekoloji amillər, həmçinin sağlam həyat tərzindən imtina edilməsi bu qəbildəndir.
Natiqlərin sözlərinə görə, son dövrlərdə aparılmış araşdırmalar nəticəsində məlum olub ki, dünyanın bütün ölkələrində əhalinin 7-15 faizi immunitetin zəifləməsindən əziyyət çəkir. Alimlər müəyyən ediblər ki, qoruyucu hüceyrələrin əksər hissəsi – təxminən 80 faizi mədə-bağırsaq boşluğunda yerləşir. Buna görə də tarazlanmış qidalanma möhkəm immunitetin əsaslarından biridir. İnsanın qida rasionunda tərəvəz, meyvə, sıyıqlar və ağartı məhsulları olmalıdır.
İmmun sisteminin qaydada olmadığını göstərən əsas əlamətlər bunlardır: tez-tez soyuqdəymə, iki həftədən çox davam edən bronxitlər, burun-udlaq nahiyəsində iltihablar, uzun müddət davam dən subfebril hərarət (37-38 dərəcə), mədə-bağırsaq traktının fəaliyyətinin pozulması.
Şirniyyat immuniteti hədsiz zəiflədir. Rafinə edilmiş şəkərdən, müxtəlif konfetlərdən və qazlı şirin içkilərdən böyük miqdarda istifadə edən insanlar öz dişlərini korlamaqla bərabər, həm də bu insanların immun sistemi müxtəlif xəstəliklərə daha çox məruz qalır. Çay immunitetin güclənməsinə kömək edə bilər. Amerikalı tədqiqatçılar müəyyən ediblər ki, mütəmadi çay içmək immun sistemi hüceyrələrinin müqavimət qabiliyyətini beş dəfə artırır. Bu, çayın tərkibindəki amin turşusunun sayəsində baş verir.
Tədbirin sonunda jurnalistləri maraqlandıran suallara cavab verilib.
azertag.az