Beynəlxalq Muğam Mərkəzində görkəmli qoboy ifaçısı, Xalq Artisti, “Şərəf” və “Şöhrət” ordenli Kamil Cəlilovun 80 illik yubiley gecəsi keçirilib.
Əməkdar İncəsənət Xadimi Hafiz Quliyevin aparıcılığı ilə keçən tədbirdə Kamil Cəlilovun ömür yolundan bəhs edən, həmçinin dostlarının, tanınmış elm və mədəniyyət xadimlərinin onun barədə fikirlərinin əks olunduğu videoçarxlar nümayiş etdirilib.
Yubiley gecəsində çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev sənətkarın Azərbaycan milli ifaçılıq sənətinin inkişafı və təbliği istiqamətində gördüyü işlərdən danışıb. Bildirib ki, Bakıda dünyaya göz açan Kamil Cəlilov Azərbaycan milli ifaçılıq məktəbinin istedadlı nümayəndəsi, özünəməxsus orijinal üslubu olan mahir qoboy ifaçısıdır. Azərbaycan Dövlət Konservatoriyasını bitirdikdən sonra əmək fəaliyyətinə başlayan sənətçi öz istedadı və zəhmətsevərliyi sayəsində qısa müddətdə xalq musiqi incilərini dərindən öyrənib və ifaçılıq məharəti ilə milli musiqimizi zənginləşdirib.
Qeyd edilib ki, istedadlı musiqiçi 1968-ci ildən başlayaraq uzun illər görkəmli pianoçu, Xalq Artisti Gülarə Əliyevanın yaratdığı “Dan ulduzu” ansamblının solisti olub. Kollektivlə birgə Kamil Cəlilov milli musiqi sənətimizi dünyanın müxtəlif ölkələrində məharətlə təqdim etməklə musiqimizin təbliğində böyük xidmətlər göstərib.
Qoboy ifaçısının pedaqoji fəaliyyətindən söz açan nazir müavini bildirib ki, o, uzun illər İncəsənət Gimnaziyasında müəllim kimi pedaqoji fəaliyyətlə məşğul olub, milli ifaçılıq məktəbinin ənənələri əsasında səy və bacarığını gənc ifaçıların yetişdirilməsinə sərf edib.
Diqqətə çatdırılıb ki, milli mədəniyyətimizin inkişafında xidmətlərinə görə Kamil Cəlilov 1989-cu ildə Azərbaycanın Əməkdar Artisti, 2000-ci ildə isə Xalq Artisti fəxri adlarına layiq görülüb. O, Prezident təqaüdçüsüdür. Kamil Cəlilov 2013-cü ildə “Şöhrət”, bu il fevralın 2-də isə 80 illik yubileyi münasibətilə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Şərəf” ordeninə layiq görülüb.
Sonra Ədalət Vəliyev yubilyara “Şərəf” ordenini təqdim edib.
Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi Zemfira Qafarova, akademik Vasim Məmmədəliyev çıxış edərək sənətkarın bənzərsiz yaradıcılığından danışıblar. Qeyd edilib ki, adı kimi sənətinin mahir bilicisi olan sənətkarın yaradıcılığında iki keyfiyyət birləşib - biri istedad, digəri isə zəhmətkeşlikdir. O, repertuarında bəstəkar əsərləri, xalq mahnıları, muğamlarla yanaşı, dünya musiqisinə də müraciət edib. Sənətkarın ifa etdiyi "Bayatı-Kürd", "Segah", "Zəminxarə", "Bayatı-Şiraz", "Rahab", "Zabul", "Humayun" və "Qarabağ şikəstəsi" muğamları musiqisevərlər tərəfindən hər zaman sevilərək dinlənilir.
Yubiley gecəsi konsert proqramı ilə davam edib. Gecədə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Xalq Çalğı Alətləri Ansamblının müşayiəti ilə bəstəkar və xalq mahnıları ifa olunub.
Sonda çıxış edən yubilyar tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.
azertag.az