Yanvarın 30-da “Qafqaz Baku City” mehmanxanasında “Bir fidanı yaşadaq” rəsm satış-sərgisi açılacaqdır.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və “Qafqaz Baku City” mehmanxanasının birgə təşkilatçılığı, Türkiyənin “TRT” kanalının media dəstəyi ilə keçiriləcək xeyriyyə aksiyasının məqsədi əlil, kimsəsiz, talassemiyalı, cəzaçəkmə müəssisələrində və uşaq evlərində böyüyən istedadlı uşaqlara kömək göstərməkdir.
Bu barədə yanvarın 10-da satış-sərginin reallaşacağı “Qafqaz Baku City” mehmanxanasında tədbirlə bağlı keçirilən mətbuat konfransında məlumat verilmişdir.
Tədbirin təşkilatçıları mətbuat konfransında məqsədi adına uyğun olaraq fidanları üzə çıxarmaq olan layihənin həyata keçirilməsində hər kəsdən, o cümlədən KİV nümayəndələrindən dəstək gözlədiklərini vurğulamışdır.
Qeyd edilmişdir ki, satış-sərginin məqsədi təkcə uşaqların əl işlərinin satışı, onların qazanc əldə etməsi deyil, həmçinin bu uşaqlara bərabərlik mesajı vermək, onlarla əl-ələ olduqlarını hiss etdirmək, tək olmadıqlarını göstərmək, belə fidanların cəmiyyətə inteqrasiyasını təmin etməkdir.
Konfransda dövlətimizin uşaqlara həmişə qayğı göstərdiyi, həmçinin Azərbaycan Respublikası Prezidentinin “Sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara sosial xidmət göstərilməsi sahəsində əlavə tədbirlər haqqında” 2013-cü il 9 yanvar tarixli Sərəncamının əhəmiyyəti xüsusi vurğulanmışdır.
Nəzərə çatdırılmışdır ki, layihə çərçivəsində yanvarın 25-də sənətçilərin iştirakı ilə xeyriyyə konserti keçiriləcək və əldə olunan gəlir uşaqlara yardım üçün istifadə ediləcəkdir.
AzərTAc