“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin rəhbəri, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru, professor Şavkat Şaripov iki xalq arasında dostluq münasibətlərinin möhkəmlənməsi, mədəni-ədəbi əlaqələrin inkişafı sahəsindəki xidmətlərinə görə Azərbaycanda özbək ədəbiyyatının tədqiqi sahəsində fəaliyyət göstərən bir sıra tədqiqatçıları cəmiyyətin fərmanları ilə təltif edib.
Təltif edilənlər sırasında Bakı Dövlət Universitetinin türkologiya kafedrasının müdiri, professor Ramiz Əskər, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan üzrə ədəbi əlaqələr şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Almaz Ülvi Binnətova, filologiya elmləri doktoru, professor Elman Quliyev, Bakı Avrasiya Universitetinin kafedra müdiri, dosent Elmira Məmmədova, filologiya elmləri üzrə fəlsəfə doktoru Təranə Həşimova, dosent, ədəbiyyatşünas Səadət Şıxıyeva, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşları, Yaşar Qasımov, Akif Bağırov və İsmixan Osmanlı yer alıb.
Qeyd edək ki, mükafatların verilməsi Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə həyata keçirilib.
Xatırladırıq ki, Azərbaycan tərəfi də ötən ilin dekabr ayında Özbəkistanda ədəbiyyatımızın fəal tədqiqatçılarını mükafatlandırıb.
AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin imzaladığı fəxri fərmanlarla iki ölkə arasında elmi-ədəbi əlaqələrin inkişafında xidmətlərinə görə tanınmış özbək ədəbiyyatşünas alimləri, tərcüməçiləri təltif edilmişdi.
azertag.az