Azərbaycan Abu-Dabidə Beynəlxalq Mədəniyyət Günündə təmsil olunub
5.3.2018

Abu-Dabidəki ən çoxmillətli məktəb olan “Gems American Academy” təhsil kompleksində keçirilmiş Beynəlxalq Mədəniyyət Günü tədbirində Azərbaycan stendlə təmsil olunub.

Tədbir çərçivəsində ölkəmizin Birləşmiş Ərəb Əmirliklərindəki səfirinin xanımı Ülviyyə Şikarova və Azərbaycan icması tərəfindən birgə təşkil edilmiş stenddə respublikamızın mədəniyyət və turizm imkanlarına dair materiallar, suvenirlər, xalçalar, şəkillər, milli geyimlər, milli kulinariyamızın dolma, aş, qutab, şəkərbura, paxlava, külçə, şəkərçörəyi kimi nümunələri, həmçinin Azərbaycan kəlağayısı nümayiş olunub və tədbir iştirakçılarına paylanılıb. Həmçinin “Azərsun” şirkətinin istehsalı olan təbii meyvə şirələri də iştirakçılara təqdim edilib.

Stenddə, eyni zamanda, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi, işğal nəticəsində ölkəmizin zəngin təbiətinə və mədəniyyətinə vurulan ciddi zərər, böyük humanitar və iqtisadi ziyan, məscidlərin və tarixi abidələrin dağıdılması barədə məlumatları əks etdirən lövhə də quraşdırılıb.

Azərbaycan stendi tədbir iştirakçılarının böyük marağına səbəb olub.

azertag.az