Azərbaycanın ilk mobil operatoru olan “Bakcell” ADA Universitetinin təşkil etdiyi 6-cı Karyera Sərgisində iştirak edib.
Bu barədə Şirkətin Mətbuat ximdətindən məlumat verilib.
Məlumata görə, hər il ənənəvi olaraq keçirilən bu tədbirin məqsədi Azərbaycanın gənc istedadlı tələbələrini və müxtəlif sahələrdə fəaliyyət göstərən müəssisələrin nümayəndələrini bir araya gətirərək onlar arasında əlaqə yaratmaq və gənc kadrları potensial işəgötürənlərə daha yaxın etməkdir. Sərgidə ölkənin ən nüfuzlu şirkət və müəssisələri təmsil olunub və onlar ADA Universitetinin tələbə və məzunlarını müxtəlif karyera və təcrübə imkanları ilə tanış ediblər.
“Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından olan “Bakcell” şirkəti Azərbaycan iqtisadiyyatının ən prioritet istiqamətləri sırasında gənclərin məşğulluğunun inkişaf etdirilməsinə böyük töhfə verməkdədir. ADA-nın təşkil etdiyi 6-cı Karyera Sərgisində universitetin tələbə və məzunlarına Bakcell şirkətinin satış və marketinq departamentlərində mövcud olan vakansiya və təcrübə imkanları barədə məlumat verilib. Həmçinin, gənclər “Bakcell” şirkətinin öz müştərilərinə və xidmətlərinə innovativ yanaşma üsulları barədə geniş məlumatla tanış olublar. Karyera sərgisindəki Bakcell stendi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb” – deyə Şirkətin açıqlamasında deyilir.
Açıqlamada həmçinin qeyd edilir ki, “Bakcell” şirkətinin fəaliyyətinin əsas məqsədlərindən biri də yerli gənc istedadlara təhsil və karyera qurmaqda dəstək göstərmək və beləliklə də, Azərbaycan gənclərinin parlaq gələcəyinə töhfə verməkdir.
report.az