Apreldə Həştərxanda Azərbaycan Biznes Mərkəzi açılacaq
6.3.2018

Bu ilin aprel ayında Rusiyanın Həştərxan şəhərində Azərbaycan Biznes Mərkəzi açılacaq.

Bu barədə Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin Rusiya Prezidenti yanında Millətlərarası Əlaqələr Şurasının üzvü, "Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyəti" (AzerRos FMMM) ictimai təşkilatının prezidenti Mehriban Sadıqova ilə görüşündə bildirib.

"Apreldə Bakıdan böyük nümayəndə heyətinin gələcəyini gözləyirik. Onlar Həştərxanda Azərbaycan Biznes Mərkəzinin açılışında iştirak edəcəklər. Bu Mərkəz biznesmenlər arasında danışıqlar aparmaq, təqdimatlar keçirmək, sərfəli müqavilələr bağlamaq, ölkələrimiz arasında humanitar layihələrin həyata keçirilməsi üçün əlverişli yer olacaq", - A.Jilkin deyib.

Həştərxan vilayətinin qubernatorunun sözlərinə görə, Azərbaycanın ictimai təşkilatları Xəzər dənizi üzrə ən yaxın qonşu olan Azərbaycan ilə uzun illərdir mövcud olan biznes və mədəni əlaqələrin möhkəmləndirilməsinə böyük töhfə verirlər.

report.az