Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Bəstəkarlar İttifaqı və Azərbaycan Milli Konservatoriyası tərəfindən keçirilən “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı davam edir.
Martın 8-də Beynəlxalq Muğam Mərkəzində festival çərçivəsində muğam musiqisi axşamı təşkil olunub.
Gecədə tamaşaçılar gənc xanəndə Elnur Zeynalovun böyük məharətlə ifa etdiyi “Rast” muğam dəstgahını dinləyiblər.
Qeyd edək ki, orta əsr musiqi elmində “Rast” ən birinci və bütün digər muğamların əsası sayılır. Musiqişünaslar “Rast”ı "muğamların anası" adlandırıblar. Dahi bəstəkar Üzeyir Hacıbəyli “Azərbaycan xalq musiqisinin əsasları” kitabında muğamların dəyişikliyə uğradığını söyləyir. O, “Rast”ı indiyədək zamanın və hadisələrin sarsıdıcı təsirinə qarşı möhkəm duran yeganə muğam adlandırıb.
Xatırladaq ki, martın 14-dək davam edəcək Muğam aləmi” V Beynəlxalq Muğam Festivalına 15-dən çox ölkəni təmsil edən musiqiçilər qatılıb.
azertag.az