SOCAR-ın Bakı Ali Neft Məktəbi və BP yeni təhsil layihəsinə başlayıb
9.3.2018

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Bakı Ali Neft Məktəbində (BANM) "BP Azerbaijan" şirkətinin iştirakı və maliyyə dəstəyi ilə "Mühəndislər üçün biznes təhsili" kursuna start verilib.

Bu proqram BANM-in V kurs tələbələri üçün nəzərdə tutulub.

Layihə bu ilin fevral-dekabr aylarını əhatə etməklə 11 ay müddətində həyata keçiriləcək. Onun dəyəri 180 min ABŞ dollarıdır.

BANM-dakı təhsil müddətində mühəndislik üzrə yüksək səviyyəli bilik və tətbiqi səriştələrə yiyələnmiş tələbələrə yeni proqram çərçivəsində həm də menecment və biznes sahəsində geniş bilgilər veriləcək. Bununla da gələcək məzunların müasir biznes mühitinə daha efektli inteqrə olunması üçün şərait yaradılacaq.

Yeni kursun əsas hədəfləri mürəkkəb biznes problemlərinin qiymətləndirilməsi və həllinə dair bilikləri aşılamaq, müasir idarəetmə və qərarların verilməsi üzrə metodiki yanaşmanı formalaşdırmaqdır. Kursun tədris planı 8 əsas moduldan ibarət olacaq: təqdimat və ünsiyyət bacarıqları, layihələrin idarə edilməsi, vaxtın idarə edilməsi və səmərəliliyi, liderlik, risklərin idarə olunması, maliyyənin əsasları, büdcə və xərclərə nəzarət, insan resurslarının idarə edilməsinin əsasları və danışıqların aparılması bacarıqları.

Tədbirdə çıxış edən BANM-ın rektoru Elmar Qasımov bildirib ki, SOCAR-ın müasir tədris ləvazimatı ilə təchiz etdiyi və beynəlxalq tədris proqramını tətbiq etdiyi ali təhsil ocağı qısa müddətdə gənclərin texniki fənlərə olan marağını artırmağa nail olub: "Bu gün uğur hekayəmizin yeni səhifəsini tərəfdaş BP şirkəti ilə birgə yazırıq. Yeni proqram sayəsində gənc mühəndislər müasir biznes mühitinə daha effektli inteqrasiya edəcək, daha da yüksək müvəffəqiyyətlər əldə edə biləcəklər".

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Cons bildirib ki, Azərbaycanda sosial sərmayələri üçün təhsil sahəsini əsas istiqamət kimi seçmiş bir şirkət kimi BP üçün bu çox əhəmiyyətli layihədir: "Bu layihə vasitəsilə universitet mərhələsində zəruri menecment və biznes bacarıqlarının yaradılmasına töhfə vermək istəyirik".


report.az