Azərbaycan Dövlət Musiqili Teatrında Beynəlxalq Qadınlar Günü münasibətilə reallaşan “Açıq qapı” günü çərçivəsində xanımlara hədiyyə olaraq görkəmli yazıçı-dramaturq Əli Səmədlinin “Toya bir gün qalmış” komediyası təqdim olunub.
Sənət ocağının mətbuat xidmətindən bildirilib ki, tamaşada baş rolu sevimli gülüş ustası, Xalq Artisti Afaq Bəşirqızı ifa edib. Quruluşçu-rejissoru Əməkdar İncəsənət Xadimi Əsgər Əsgərov, rəssamı Nabat Səmədova, musiqi rəhbəri Xalq Artisti Ənvər Sadıqov və musiqi tərtibatçısı Emin Həsənov olan tamaşada digər obrazları Əməkdar Artist Ələkbər Əliyev, aktyorlar Əliməmməd Novruzov, Gülcahan Salamova, Möylə Mirzəliyev, Gültac və Hüseyn Əlililər, Gülnarə Əzizova, Məhərrəm Qurbanov, Rəsmiyyə Nurməmmədova, Ruslan Mürsəlov, Ağaxan Şərifov ifa ediblər.
Tamaşanın baletmeysterləri Yelena və Zakir Ağayevlərdir.
Gözlənilməz və maraqlı situasiyalarla zəngin tamaşada cərəyan edən hadisələr oğlunun toyuna bir gün qalmış vəzifəli şəxsin dünyasını dəyişməsi ilə başlayır. Onun həyat yoldaşının isə bunu hamıdan gizlətməsi vəziyyəti daha da mürəkkəbləşdirir. Qadın düşünür ki, ərinin ölümünü gizlətməsə toy təxirə düşəcək və onların bir sıra maraqlarına zərbə dəyəcək. Beləliklə, ailə dəfn işləri ilə məşğul olmaqdansa, toy hazırlıqlarını davam etdirir. Elə bu ərəfədə “ölü” qəfildən ayılır. Əsl tragikomik vəziyyət də məhz bundan sonra başlayır.
azertag.az