Ölkəmiz beynəlxalq mədəniyyət və kulinariya festivalında təmsil olunub
9.3.2018

Dünyanın aparıcı ali təhsil ocaqları arasında nüfuzlu yer tutan Paris-Sorbon Abu-Dabi Universitetinin ənənəvi olaraq hər il keçirdiyi beynəlxalq mədəniyyət günü bu il beynəlxalq qadınlar gününə həsr olunub.

Universitetdə 40-dan çox ölkənin iştirakı ilə keçirilmiş tədbirdə Azərbaycanın incəsənəti, milli paltarları və rəqsləri, həmçinin zəngin mətbəximizin ləziz təamları nümayiş etdirilib.

Azərbaycana aid stenddə ölkəmizə dair müxtəlif çap materialları, musiqi və incəsənət nümunələri yer alıb, kulinariya bölümündə nümayiş etdirilən plov, dolma, şəkərbura, paxlava, qoğal, həmçinin “Azərsun” şirkətinin mürəbbə və içkiləri, “Xurcun” şirkətinin qoz-fındıq və çərəzləri iştirakçılara ikram edilib. Tədbirin milli paltarlar və rəqslər hissəsində universitetdə təhsil alan azərbaycanlı tələbələr Məryəm Bağırova, Tomris İsmayılzadə, İranə Hüseynova, həmçinin BƏƏ-də yaşayan soydaşımız Nəsrin Elnurqızı tərəfindən milli paltarlar və rəqslərimiz nümayiş etdirilib.

Rəqslərin nümayişi zamanı səhnədə quraşdırılmış böyük ekranda Bakı və Azərbaycanın görməli yerləri, ölkəmizdə keçirilən böyük tədbirlər və s. kimi cəlbedici görüntüləri əks etdirən videoçarx nümayiş olunub.

Azərbaycan stendində həmçinin torpaqlarımızın Ermənistan tərəfindən işğalı, bunun nəticəsində bir milyondan çox insanın qaçqın və köçkün düşməsi, Azərbaycanın təbiət və mədəniyyətinə dəyən zərər, iqtisadi ziyan, məscidlərin və tarixi abidələrin dağıdılması barədə məlumatlar da yerləşdirilib.

BƏƏ-də akkreditasiya olan bir sıra ölkələrin səfirləri ilə birgə mədəni proqramları izləyən universitetinin rektoru Erik Fuaşe Azərbaycan səfirliyinə və tələbələrinə ayrıca minnətdarlıq ifadə edib, universitetin mədəni və sosial həyatında Azərbaycanlı tələbələrin fəal iştirakından çox məmnun olduğunu bildirib.

azertag.az