Beynəlxalq Muğam Mərkəzində 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə “Aşıq musiqisi axşamları” layihəsi çərçivəsində “Zərif əllər, incə tellər” adlı konsert proqramı təqdim edilib.
Konsertdə kişilərdən ibarət aşıqlar qrupunun üzvləri öz ifalarını Azərbaycan qadın aşıq məktəbinin nümayəndələrinə həsr ediblər.
Gecədə qadın aşıqlara həsr olunmuş videoçarx nümayiş olunub.
Bildirilib ki, Azərbaycan aşıq musiqisi xalqımızın şifahi ənənələrə söykənən musiqi növlərindəndir. Xalqımızın dilinin, ədəbiyyatının, xalq şeirnin etibarlı saxlancıdır. Bu musiqi növü özündə xalqın qəhrəmanlıq tarixini, azadlıq arzularını yaşadır, dostluğu, məhəbbəti və sədaqəti tərənnüm edir. 2009-cu ildə aşıq sənəti UNESCO-nun Qeyri-Maddi İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.
Konsertin ssenari müəllifi və rejissoru, Azərbaycan Aşıqlar Birliyinin (AAB) katibi, Əməkdar İncəsənət Xadimi Sənubər Bağırovadır.
Xatırladaq ki, yanvar ayından başlayan layihə may ayına qədər davam edəcək. Layihənin əsas məqsədi qədim Azərbaycan musiqi irsinin ictimaiyyətə geniş təbliğ etməkdir.
azertag.az