İtaliyanın Elmlər Akademiyasında Nizami Gəncəvinin yaradıcılığına dair sessiya keçirilib
9.3.2018

Roma şəhərinin Korsini sarayında yerləşən İtaliya Elmlər Akademiyasında XX əsrdə yaşayıb-yaratmış ölkənin nüfuzlu bəstəkarı Cakomo Puççininin "Turandot" operası ilə XII əsrin məşhur Azərbaycan şairi Nizami Gəncəvinin "Yeddi gözəl" poeması arasındakı əlaqəyə həsr olunmuş konfrans keçirilib.

Nizami Gəncəvinin yaradıcılığına həsr olunan sessiya İtaliya Elmlər Akademiyasının "Orta əsr məhəbbət lirikası və şərq motivi" adlı 11 illik konfrans proqramının 3-cü sessiyasına daxil edilib.

İtaliyanın nüfuzlu Kataniya Universitetinin Humanitar Elmlər Kafedrası, "L'Orientale" Neopolitan Universitetinin Şərq, Afrika və Aralıq dənizi ölkələri üzrə Araşdırmalar Kafedrası, Romanın "Sapienza" Universitetinin Avropa və Amerika üzrə Mədəniyyətlərarası Araşdırmalar Kafedrası, Klassik Ədəbiyyat Kafedrası ilə tərəfdaşlıq şəraitində təşkil olunan konfransda bu ölkənin tanınmış elm və mədəniyyət xadimləri, tələbə, professor və müəllim heyəti iştirak edib.

Nizami Gəncəvi poeziyası üzrə ədəbiyyat mütəxəssisi, Turin Universitetinin professoru Mariya Tereza bildirib ki, XII əsr şairi Nizami Gəncəvi böyüklüyünə görə Azərbaycanın ikinci şəhəri sayılan Gəncədə dünyaya göz açıb, multikulturalizm ideallarının ilk təmsilçilərindən biri olub, əsərlərində gender bərabərliyi haqqında fikirlər irəli sürməklə dövrünü qabaqlaya bilib.

“Nizami Gəncəvi doğma şəhərinin hüdudlarından kənarda da böyük şöhrət qazanıb. Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya ölkələrinin ədəbiyyatında onun yaradıcılığının güclü təsiri hələ də hiss olunmaqdadır”, – deyə Mariya Tereza bildirib.

Professor “Yeddi gözəl" poemasındakı slavyan gözəlinin qırmızı rəng haqqında hekayəsində və "Turandot" operasında hadisələrə dair aparılan müqayisəli araşdırmanın genişləndirilməsi məqsədilə beynəlxalq alimləri bir araya toplamaqla, mövzu ilə əlaqədar ilk hərtərəfli yanaşmanı təqdim edib.

Sonra Kembric Universitetindən Kristin Van Ruymbeke, "L'Orientale" Neopolitan Universitetindən Mikele Bernardini, Genuya Universitetindən Nikola Ferrari, “Mito Settembre” musiqi festivalının direktoru və musiqişünas Enso Restano çıxış ediblər. Çıxışlarda N.Gəncəvinin "Yeddi gözəl" poemasında qırmızı günbəzli sarayda yaşayan slavyan gözəlinin hekayəsi və ondan ilhamlanaraq yaradılmış çoxsaylı ədəbiyyat və musiqi əsərləri, o cümlədən Cakomo Puççininin "Turandot" operası arasındakı əlaqənin araşdırılmasından bəhs olunub.

Daha sonra çıxış edən Milan şəhərində incəsənət üzrə menecer və muzey mütəxəssisi kimi fəaliyyət göstərən Əsli Səmədova Nizami Gəncəvinin yaradıcılığına həsr edilən sessiyanın “Milli irsimiz” layihəsi çərçivəsində Avropa ictimaiyyətinə tanıtmaq olduğunu bildirib.

“Milli irsimiz” layihəsi üç istiqaməti əhatə edir – elm, təhsil və incəsənət. Elmi biliklər və məlumatlar öz əsərlərində Nizami Gəncəvinin irsini başqa cür şərh edən və dərk edən yaradıcılara ötürülür. Bununla da layihə nəsillər və coğrafi regionlar arasında körpü yaradır, dünyanın müxtəlif yerlərindən olan tərəfdaşlar və mütəxəssislər arasında əlaqə qurur. “Milli irsimiz” layihəsi Azərbaycanın mədəni irsini nümayiş etdirməsi üçün yeni yanaşma tətbiq etmək və onu daha geniş auditoriya üçün aktual və cəlbedici etməklə beynəlxalq miqyasda tanıtmaq məqsədi daşıyır”, - deyə Əsli Səmədova qeyd edib.

Nizami Gəncəvinin yaradıcılığına həsr olunan tədbir İtaliyan auditoriyasında böyük maraqla qarşılanıb.

azertag.az