Moskvanın “Vegas City Hall” konsert salonunda gənc Azərbaycan müğənnisi Emil Qədirovun solo konserti olub.
Rusiya televiziyasının “Qolos” yarışmasının qalibi, istedadlı gitara ifaçısı və müğənni Emil Qədirovun “Qəlbin səsi” konsert proqramı böyük uğurla keçib. Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları ansamblının müşayiəti ilə baş tutan konsertdə Müslüm Maqomayev, Andrea Bocelli və digər dünya ulduzlarının məşhur hitləri, “Flame Band” qrupunun müşayiəti ilə müğənninin öz bəstələri və Latın Amerikası kompozisiyaları səslənib.
Emil Qədirov 8 Mart - Qadınlar Günü münasibətilə anasının simasında salonda əyləşən bütün qadınları Sevil Əliyevanın “Ana” mahnısı ilə təbrik edib. Müğənninin Leyla Əliyevanın sözlərinə bəstələdiyi “Sevgi, sən nifrətlə dostsan” mahnısı tamaşaçılar tərəfindən xüsusi hərarətlə qarşılanıb.
“Mir” telekanalında yayımlanan “Vo ves qolos” müsabiqəsinin iştirakçısı Rüstəm Kərimov konsertdə Elton Conun “Kral şir” cizgi filminə yazdığı məşhur kompozisiyanı ifa edib. Emil Qədirov gənc azərbaycanlı ifaçını təqdim edərək bildirib ki, o da Rüstəmin təhsil aldığı Bakıdakı Rəşid Behbudov adına 2 nömrəli musiqi məktəbinin yetirməsidir.
Konsertdə Rusiyanın tanınmış ifaçı və aparıcısı Mark Tişman, Rusiya Böyük Teatrının solisti Alina Yarovaya, “Alla Puqaçova Estrada Sənəti Emalatxanası”nın gənc yetirmələri, Voronej Opera və Balet Teatrının solisti Anastasiya Çernovolos, “Qolos” müsabiqəsinin iştirakçısı Eteri Beriaşvili və başqaları iştirak ediblər.
Emil Qədirov Rusiyanın Birinci kanalında yayımlanan “Qolos” müsabiqəsinin iştirakçısı, Aleksandr Qradski Teatrının üzvüdür. 2017-ci ildə o, ilk mahnı albomunu təqdim edib. Alboma Leyla Əliyevanın sözlərinə Emil Qədirovun bəstələdiyi “Sevgi, sən nifrətlə dostsan” mahnısının adı verilib.
azertag.az