Daşkənddə "Miss Union Fashion-2018" beynəlxalq müsabiqəsində Azərbaycan da təmsil olunacaq
12.3.2018

Martın 20-də “Dünyanı gözəllik xilas edəcək” devizi altında Daşkənddə keçiriləcək "Miss Union Fashion-2018" üçüncü beynəlxalq müsabiqəsində ölkəmizi tanınmış Azərbaycan modelyeri, Əməkdar İncəsənət Xadimi Fəxriyyə Xələfova təmsil edəcək.

Özbəkistandakı səfirliyimiz və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə keçirilən müsabiqəyə Avropa, Asiya və Afrika ölkələrindən dəvət olunan modelyerlər qatılacaq.

Müsabiqəyə Özbəkistanda tanınan modelyeri Gulnara Muxammadova ev sahibliyi edəcək. Yarışmada dünyanın müxtəlif yerlərindən gələn modelyerlər öz ölkələrinin mədəniyyətini, adət-ənənələrini müasir üslubda təqdim edəcəklər.

Modelyerlər Daşkənd və Səmərqənd şəhərlərinin görməli yerləri ilə də tanış olacaqlar.

Xatırladırıq ki, Bakıda keçirilən “Miss Union Fashion–2016” müsabiqəsində Gürcüstanın təmsilçisi Mayya Amamukeli, Avstriyada keçirilən “Miss Union Fashion–2017” müsabiqəsində Azərbaycan nümayəndəsi Səhər Əkbər qalib olmuşdur.

azertag.az