Üçüncü Buktreyler Festivalının promoçarxı təqdim olunub
12.3.2018

Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi, Beynəlxalq Muğam Mərkəzinin tərəfdaşlığı ilə keçirilən “Kitabı tanıdın, kitabla tanının” sloqanlı III Buktreyler Festivalının promoçarxı təqdim olunub.

Nazirlikdən verilən məlumata görə, festivalın məqsədi kitab və mütaliənin cəmiyyətimizdə təbliği, mütaliəyə münasibətin yaradıcı formaların inkişafı və dəstəklənməsi, kino sahəsində istedadlı və yaradıcı gənclərin üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafıdır.

Layihənin müəllifi və rəhbəri kinoaktyor, prodüser Ruslan Sabirlidir. Çarxın rejissoru və dublyajı Ruslan Sabirliyə, qrafika işi Tariel Bağırzadəyə, səs yazılışı Azər Hacıəskərliyə məxsusdur.

Xatırladaq ki, bir müddət əvvəl festivalda iştirak şərtləri açıqlanıb. Şərtlərə görə festivalda 1-ci, 2-ci (2 nəfər) və 3-cü (3 nəfər) yerin qalibləri müvafiq olaraq 1000, 800 (hərəsi) və 500 (hərəsi) manat məbləğində mükafatlandırılacaq. Son müraciət tarixi aprelin 8-dir.

Festivalda iştirak şərtləri ilə daha ətraflı www.booktrailer.az saytından, həmçinin www.facebook.com/BooktrailerFest facebook səhifəsindən tanış ola bilərsiniz.

Qeyd edək ki, buktreyler – kitabın məzmununu vizuallaşdırmaqla oxucular arasında təbliğinə istiqamətlənmiş, onun ən parlaq və tanınan anlarını özündə əks etdirən videoçarx və ya kitabın məzmunundan bəhs edən qısametrajlı filmlərdir. Buktreyleri ədəbiyyat, kino, reklam və internet texnologiyalarını özündə cəmləşdirən yeni incəsənət növü adlandırmaq olar.

azertag.az