Bu gün Yel çərşənbəsidir
13.3.2018

Bu gün Yel çərşənbəsidir.

Yel çərşənbəsi Novruz bayramı ərəfəsində keçirilən üçüncü çərşənbədir. Bu çərşənbə xalq arasında "Külək oyadan çərşənbə", "Küləkli çərşənbə", "Yelli çərşənbə", "Külək çərşənbəsi" kimi də tanınır.

İlaxır çərşənbələrdən Yel və Torpaq çərşənbələri ilə bağlı xalq arasında ziddiyyətli məqamlar var və bəzən hansının əvvəl olması mübahisə yaradır.

Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin böyük elmi işçisi, fəlsəfə doktoru Atəş Əhmədli "Report"a deyib ki, yel çərşənbəsinin sonuncu olması dini inanclarla bağlı məsələdir: "İnanclara görə, yaradılış prosesində ən son insana ruh, nəfəs verilib. Xalq inanclarında isə ən son oyanan ünsür torpaqdır. Torpağın oyanması ilə həyat yenidən dirçəlir, yaşam prosesi təzələnir. Məhz buna görə də, ilaxır çərşənbələrdən üçüncüsü Yel, dördüncü - sonuncu isə Torpaq çərşənbəsi hesab edilir.

İnsanlar yelin, yəni küləyin xoş və şirin təəsürratlar gətirəcəyinə inanırlar. Yel çərşənbəsində əsən küləklər bir gün ərzində bir neçə dəfə istiqamətini dəyişir. Hətta küləklərin durmadan isti və soyuq olmasına da rast gəlmək mümkündür".

Yel çərşənbəsi günü evlərdə yenə də bütün çərşənbələrdə olduğu kimi qazanlar qaynamalıdır. Hamı evində olmalı və birlikdə süfrə başına yığışmalıdırlar. Stolun üzərində şirniyyatların olması bütün ilin şirin keçməsinin əsas göstəricisi hesab olunur.

Bu çərşənbə ilə bağlı illərin sınağından çıxaraq bu günümüzə qədər yaşamış və özünü doğrultmuş xalq hikmətləri, atalar sözləri var: "Yel əsməyincə yarpaq tərpənməz", "Yelin zarafatı qovmaqla başlanır", "Yelə verdiyin düşmənə qismət olar", "Yel apardığını qaytarmaz", "Yellə dost olan yellənə-yellənə qalar","Yel bağlayanı el açar", "Yeldən aman diləməzlər", "Külək kimi hərdən bir yana əsmə", "Küləkli havada dənizdə çimməzlər", "Kələknən gələn, küləknən gedər"... İnanclara görə, "Yeli əsdirəni söymək olmazdı, çünki onun arxasında Tanrı dayanır", "Yelə tüpürsən, öz üstünə qayıdacaq. Onu çirkləndirmək mümkün deyil. Əksinə, o - Yel havamızı təmizləyir, yeniləyir, dəyişir". "Çərşənbə axşamları Tanrı ancaq xoş sözləri eşidir. Bu gün olunan dualar da tez qəbul olur".

Yel çərşənbəsinin geniş yayılmış inanclarından biri də bu çərşənbədə niyyət tutulmasıdır. Yel çərşənbəsi gecəsi söyüd ağacının altına gedib niyyət edər və Yel babanı çağırardılar. İnancalara görə, əgər Yel baba sənin səsini eşidib əssə və söyüdün budaqlarını torpağa toxundursa, deməli, diləyin yerinə yetəcək.

report.az