Yanvarın 13-də “Four Seasons Hotel Baku” otelində rus dilində nəşr edilən “Nargis” jurnalının ilk nömrəsinin rəsmi təqdimatı olmuşdur. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva tədbirdə iştirak etmişdir.
Jurnalın baş redaktoru Ülviyyə Rəhmanova çıxış edərək yeni nəşrin məqsəd və vəzifələrindən danışmışdır. Bildirilmişdir ki, “Nargis” incəsənət və moda aləmində oxucunun əsl bələdçisinə çevriləcəkdir. Oxucular bu nəşrin səhifələrində incəsənət və moda aləmində baş verən yeniliklər, müasir meyllər barədə dolğun məlumat əldə edə biləcəklər. Jurnalda istedadlı heykəltəraşlar, rəssamlar, yazıçılar, rejissorlar, bəstəkarlar, opera müğənnilərinin yaradıcılıqları haqqında məqalələr yer alacaqdır.
Nəfis tərtibatı, zövq oxşayan dizaynı ilə Azərbaycan mətbuatına yeni nəfəs gətirən “Nargis” jurnalının ilk nömrəsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın eksklüziv fotosessiyası, professor Nərgiz Paşayeva ilə müsahibə yer almışdır. Bu nömrədə həmçinin tanınmış fransız dizayneri Jetrua, Londonda çalışan məşhur norveçli dizayner Kristian Aadnevik, Rusiyanın məşhur teatr rejissoru Roman Viktyuk, ingilis dizayneri Devid Linley və bir çox digər məşhurlarla maraqlı müsahibələr dərc olunmuşdur.
Digər çıxış edənlər də “Nargis” jurnalının məziyyətlərindən danışmışlar.
Jurnal rübdə bir dəfə, 368 səhifə ilə oxucularının görüşünə gələcəkdir.
Tədbir mədəni proqramla davam etmişdir.
Milli.Az