Azərbaycanda tək övladlar hərbi xidmətdən azad oluna bilərlər
14.1.2013

Azərbaycanda tək uşaqlı ailənin övladı yenidən hərbi xidmətdən azad oluna bilər.

Milli Məclisdən verilən məlumata görə, bir qrup deputat bu təşəbbüslə çıxış edib.

Bir qrup deputatın təklifi ilə bununla əlaqədar olaraq “Hərbi xidmət keçmə haqqında” qanuna dəyişikliklərin müzakirəsi gözlənilir. Təklif parlamentin yaz sessiyasında müzakirəyə çıxarıla bilər. Dəyişiklik qəbul olunarsa, bu, ailədə yalnız tək olan övlada şamil olunacaq.

Qeyd edək ki, bu hal Azərbaycanda əvvəllər mövcud olsa da, 2008-ci ildə qeyd olunan qanuna edilən dəyişiklikdən sonra ailənin tək övladı da artıq hərbi xidmətə cəlb olunur.

Məsələ münasibət bildirən parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirib ki, bir sıra millət vəkili bu məsələnin tərəfdardır: “Lakin şəxsən mənim mövqeyim ondan ibarətdir ki, qanuna bu kontekstdə dəyişiklik edildiyi halda ailənin tək övladlarının arxa cəbhədə xidmətini təşkil etmək lazımdır, nəinki birdəfəlik xidmətdən azad etmək. Çünki ailə planlaşmasına nəzər salsaq, Azərbaycanda on minlərlə ailədə tək övladlılıq mövcuddur. Eyni zamanda tək övladın hərbi xidmətdən azad olunması bir çox ailələrə stimul verə bilər ki, gələcəkdə tək övlada üstünlük versinlər”.

Millət vəkili bildirir ki, istənilən halda bu məsələnin müvafiq qurumlar tərəfindən ciddi araşdırılmasına və sonra geniş müzakirəsinə ehtiyac var.


Qeyd edək ki, ötən həftə hərbi xidmət zamanı ölən əsgər Ceyhun Qubadov da ailənin tək övladı olub.