Martın 12-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq Şairi Cabir Novruzun 85 illiyinə həsr olunmuş “Tələsin insanlar, əldə tutmağa” adlı ədəbi-bədii gecə keçirilib.
Mədəniyyət və Turizm Nazirliyinin “Cabir Novruz” Mədəniyyət Fondu ilə birgə hazırladığı tədbirdə rəsmi şəxslər, Milli Məclisin deputatları, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak edib.
Xatirə gecəsində Xalq Yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev, yazıçı-publisist, Milli Məclisin deputatı Elmira Axundova çıxış edərək görkəmli ədibin zəngin və mənalı ömür yolundan, yüksək insani keyfiyyətlərindən, çoxşaxəli yaradıcılığından və yorulmaz ictimai-siyasi fəaliyyətindən söhbət açıb, onunla bağlı xatirələrini bölüşüblər.
Qeyd edilib ki, şairin poeziyası XX əsr Azərbaycan ədəbiyyatının parlaq səhifələrindən birini təşkil edir. Onun əsərlərində milli irsimizin zəngin ənənələri müasir ədəbi cərəyanların tələbləri ilə üzvi şəkildə birləşir. Ədəbiyyat aləminə gəldiyi ilk illərdən şair yüksək bəşəri-mənəvi dəyərləri tərənnüm edən şeirləri ilə oxucuların dərin məhəbbətini qazanıb. Onun qələmindən çıxan lirik poeziya nümunələri və epik lövhəli əsərlər bədii səviyyəsi, mövzu rəngarəngliyi ilə seçilir. Şairin yüksək mənəviyyata səsləyən yaradıcılığı və vətəndaş ruhunun hakim olduğu poeziyası öz dilinin bədii gözəlliyi və rəvanlığı ilə səciyyələnir.
Diqqətə çatdırılıb ki, C.Novruzun müxtəlif illərdə çap olunmuş “İnsan məhəbbəti”, “İllərin ömrü”, “Bizim əsr”, “Adi həqiqətlər”, “Həyat, sən nə qəribəsən”, “Taleyin töhfələri”, “Bir dünyam var”, “İnsan himnləri”, “Ömür keçir karvan kimi”, “Ulu dünya, heyifsən”, “Vətən əbədi qopuqdur”, “Özünü qoru, xalqım”, “İnsanı tanımaq olmur” və digər şeirlər və poemalar kitabları ədəbiyyatsevərlər tərəfindən böyük məhəbbətlə qarşılanıb.
Cabir Novruzun şeirləri, poemaları əsrimizi, müasirlərimizi düşündürən aktual problemlərə - insan ömrünün mənasına, müharibənin bir nəslin taleyinə vurduğu yaralara, gündən-günə çiçəklənən ölkəmizin qüdrətinə, zəhmət adamlarının mənəvi dünyasına yazılmış nəğmələrdir, himnlərdir. O, elə ilk şeirlərindən sadə insanların, adi adamların tərənnümçüsü olmuşdur. Şairin tərcümeyi-halı poeziyası ilə ahəngdardır. O, müharibənin ağrı-acılarını öz taleyində daşıyan nəslin nümayəndəsidir. C.Novruz poeziyası sadəliyi və emosionallığı ilə diqqəti cəlb edir. Elə buna görədir ki, onun şeirlərinə çoxlu mahnılar yazılıb. Şairin sözlərinə bəstələnmiş çoxsaylı mahnılar musiqisevərlər tərəfindən həmişə böyük rəğbət və sevinclə qarşılanıb.
Vurğulanıb ki, əsərləri dünyanın müxtəlif xalqlarının dillərinə tərcümə edilərək nəşr olunub. Onun bədii tərcümələri sayəsində isə Azərbaycan oxucusu dünya poeziyasının bir sıra qiymətli nümunələri ilə tanış olmaq imkanı qazanıb.
Cabir Novruzun ictimai fəaliyyəti də zəngin olub. O, həyatının bütün mərhələlərində, xüsusilə birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı kimi ölkəmizdə gedən ictimai-siyasi proseslərin fəal iştirakçısı olub, xalqımızın həyatında baş verən taleyüklü hadisələrə düzgün qiymət verilməsində əsl vətəndaşlıq mövqeyi nümayiş etdirib.
Şairin ədəbi və ictimai fəaliyyəti yüksək qiymətləndirilib. O, Xalq Şairi, “Əməkdar incəsənət xadimi” fəxri adlarına, dövlət mükafatına, orden və medallara layiq görülüb.
Cabir Novruzun həyatının müxtəlif məqamlarını əks etdirən videomaterialların da təqdim olunduğu gecədə Xalq Artisti Əminə Yusifqızı, Əməkdar Artist Azad Şükürov şairin şeirlərini səsləndirib və tanımış müğənnilərin ifasında sözlərinə yazılmış mahnılar oxunub.
mct.gov.az