Müəllim və şagirdinin əsərləri eyni sərgidə nümayiş olunur
14.3.2018

Martın 13-də “Gallery 1969” sərgi salonunda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllimi, gənc rəssam Aysel Əmirovanın və onun şagirdi, səkkiz yaşlı Fatimə Qəribovanın əsərlərindən ibarət “Rənglər aləmində” adlı sərgi açılıb.

Sərgidə müəllim və şagirdinin ümumilikdə 50 sənət əsəri yer alıb.

Açılış mərasimində çıxış edən Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Ağaəli İbrahimov sərgilənən əsərlərin iki rəssamın dördillik zəhmətinin bəhrəsi olduğunu deyib. Qeyd edib ki, məna və məzmun baxımından olduqca maraqlı olan bu əsərlər müəllim və şagirdinin incəsənət duyumundan, sənətə sevgisindən xəbər verir. Rəssamları sərgi münasibətilə təbrik edən Ağaəli İbrahimov onlara yaradıcılıq uğurları arzulayıb.

Hər kəsə minnətdarlığını bildirən rəssam Aysel Əmirova sərgidə nümayiş edilən əsərlərin məziyyətindən söz açıb: “Bu sərgidə mənim 5, Fatimənin isə 45 sənət əsəri yer alıb. Əsərlərin beşi yağlı boya, 45-i isə qarışıq texnikada işlənib. Kağız və yağlı kətan üzərində çəkilən əsərlər fərqli mövzulardadır”. Sərgi üç gün davam edəcək”.

Sonra qonaqlar sərgi ilə tanış olublar.


azertag.az