Əcnəbilər sabahdan etibarən Formula-1 üçün viza ala biləcək
14.3.2018

Sabahdan etibarən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2018 Formula-1 Azərbaycan Qran-Pri yarışının təşkili və keçirilməsi ilə bağlı Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsindən viza ala biləcək.

Bu barədə məlumat Azərbaycan Respublikası prezidentinin “2018 Formula-1 Azərbaycan Qran-Pri yarışının təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında” 19 yanvar 2018-ci il tarixli sərəncamında verilib.

Sərəncamda bildirilib ki, Azərbaycan Respublikasında keçiriləcək 2018 Formula-1 Azərbaycan Qran-Pri yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn və bu Sərəncamın 2-ci hissəsində göstərilən sənədlərdən hər hansı birini təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2018-ci il martın 15-dən mayın 15-dək Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında yerləşən struktur bölmələrində viza alması üçün aşağıdakı sənədlərdən hər hansı biri viza verilməsi üçün əsas hesab ediləcək:

- Formula-1 yarışlarının beynəlxalq təşkilatçıları olan “Formula One Management Limited” şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən kart və ya digər sənəd;

- Bakı Şəhər Halqası Əməliyyat Şirkətində akkreditasiyadan keçməni təsdiq edən kart;

- 2018 Formula-1 Azərbaycan Qran-Pri yarışına bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd.

oxu.az