ICOM Azərbaycan Milli Komitəsinin təşəbbüsü, Azərbaycan Xalça Muzeyi və Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunun təşkilatçılığı, Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə açıq səma altında Azərbaycan xalqının milli bayramı – Novruz bayramına həsr olunmuş maraqlı bir layihə həyata keçiriləcək.
Xalça Muzeyindən bildirilib ki, Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində reallaşacaq layihə çərçivəsində Xalça Muzeyinin və Qala Qoruğunun xanım əməkdaşları tərəfindən Novruz bayramının atributlarından biri – şəkərburanın bişirilməsi üzrə ustad dərsi keçiriləcək.
Layihə haqqında danışan ICOM Azərbaycan Milli Komitəsinin prezidenti Şirin Məlikovanın sözlərinə görə, burada əsas məqsəd xalqımızın milli adət-ənənələrini yaşatmaq, qədim bayramımız olan Novruz bayramının keçirilməsi zamanı qədimdən qalan, unudulmaqda olan bir sıra qayda-qanunları, mərasimləri yada salmaq, milli dəyərlərimizi gənc nəslə çatdırmaqdır. Həmçinin, bu gözəl bayramın paylaşmaq, yardımlaşmaq, kütləvilik, birlik kimi əlamətlərini özündə əks etdirən adətlərinə diqqət çəkməkdir.
“Hər bir azərbaycanlı üçün Novruz bayramı bahar fəslinin gəlişi, təbiətin oyanması ilə yanaşı, həm də xalqımızın birlik və paylaşmaq bayramı kimi xarakterizə olunur. Çünki məhz bu bayramda qadınlar, qohumlar, qonşular bir araya gələrək şirniyyatlar, müxtəlif təamlar hazırlayar, daha sonra bir-birlərinə bişirdiklərindən pay-sovqat aparar, hamının süfrəsində mütləq bu şirniyyatlardan olardı. Milli-mədəni, maddi dəyərlərimizin qorunması və yeni nəslə çatdırılması muzey işçilərinin, bütövlükdə hər bir vətənpərvər vətəndaşın ən ümdə vəzifəsidir. Qeyd etmək istəyirəm ki, 2009-cu ildə Novruz bayramı dünyanın Qeyri-Maddi İrsi kimi UNESCO-nun siyahısına daxil edilib. Hazırda bu siyahıda bizim bir çox qeyri-maddi mədəni irs nümunələrimizlə birgə Novruz bayramı da yer alır. Bu uğur Azərbaycan Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasətin və xalqımızın mədəniyyətinə göstərdiyi yüksək qayğısının nəticəsidir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın Azərbaycanın qeyri-maddi mədəni irsinin, milli adət-ənənələrimizin dünyada tanıdılması və təbliği istiqamətində gördüyü işlər bu uğurların qazanılmasında mühüm rol oynamışdır”, – deyə Şirin Məlikova bildirib.
Tədbir çərçivəsində hər iki təşkilatın qadın əməkdaşları Azərbaycan milli geyimlərində şəkərburanın hazırlanması prosesini əvvəldən sonadək həyata keçirəcək. Milli dəyərlərə hörmət və ehtiramın aşılanması, milli adətlərimizin yaşadılması, ənənələrin qorunması, xalqımızın milli bayramı olan Novruz bayramının qeyd olunması, o cümlədən Novruzla bağlı əsrlərdən günümüzə qədər gələn bir sıra ənənələrin və bayram mərasimlərinin təşkil olunması nəzərdə tutulur. Belə ki, tədbirdə Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunda tonqal qalamaq, “papaq atdı”, “qapı pusdu”, “fala baxma” kimi Novruz adətlərini nümayiş etdirən kiçik səhnəciklər təşkil olunacaq. Bununla yanaşı, muğam-trio tədbirə xüsusi ab-hava qatacaq.
azertag.az