Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Suraxanı rayon Heydər Əliyev Mərkəzində Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, Xalq Artisti Həsənağa Turabovun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə qonaqlar aktyorun həyat və yaradıcılığından bəhs edən videoçarxa baxıblar.
Tədbirin aparıcısı Tərlan Akcay sənətkarın çoxsaylı tamaşalarda və ekran əsərlərində böyük ustalıqla canlandırdığı mürəkkəb xarakterli, müxtəlif dünyagörüşlü obrazların kino və teatr tarixində qoyduğu izlərdən danışıb.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, Xalq Artisti Azər Paşa Nemətov, Xalq artistləri Hacı İsmayılov, Eldar Quliyev, Mərahim Fərzəlibəyov, Əməkdar incəsənət xadimləri Aydın Kazımzadə, Əsgər Əsgərov və kinorejissor, ssenarist Şeyx Əbdül çıxış edərək sənətkarın teatrda, milli kinomuzda yaratdığı rəngarəng, dolğun obrazlardan və pedaqoji fəaliyyətindən danışıblar. Qeyd olunub ki, Həsənağa Turabov fitri istedadının verdiyi imkanlar sayəsində səhnəyə yeniliklər gətirməklə özünəməxsus üslubunu yaradıb və milli mədəniyyət salnaməsinə parlaq səhifələr yazıb.
Daha sonra sənətkarın çəkildiyi “Dərviş Parisi partladır” və “Dantenin yubileyi” filmlərindən fraqmentlər göstərilib.
Sonda sənətkarın ailəsi adından çıxış edən qızı Sevinc Turabova tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.
azertag.az