Fransa Şərq Dilləri və Sivilizasiyaları İnstitutunda (İNALKO) 2007-ci ildən ənənə halını alan “Türk dünyasının mədəniyyət günü” keçirilib. Tədbirdə qardaş Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistanla yanaşı, Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə ölkəmizin zəngin tarixini və mədəniyyətini əks etdirən stend təşkil olunub.
Ölkəmizin stendini İNALKO-da Azərbaycan dili öyrənən tələbələr hazırlayıb. Stenddə ölkəmizin tarixi və mədəniyyətinə dair Heydər Əliyev Fondunun nəşr etdirdiyi və Fransada Azərbaycan səfirliyinin instituta bağışladığı kitablar, broşürlər, jurnallar, disklər, milli xalça və milli geyim nümayiş etdirilib.
Tədbir müddətində Azərbaycan musiqisi səsləndirilib.
İNALKO-da dilimizi öyrənən tələbələr və dilimizi tədris edən Aygün Eyyubova stendimizin ziyarətçilərinə ölkəmiz haqqında ətraflı məlumat veriblər. Ziyarətçilərə Azərbaycana aid kitablar, broşürlər, disklər hədiyyə edilib.
azertag.az