Azərbaycan Xalça Muzeyində Novruz bayramı ilə əlaqədar muzeyin uğurlu “Ailə günü” proqramı çərçivəsində silsilə tədbirlər təşkil olunacaq.
Muzeydən bildirilib ki, bu tədbirlər Azərbaycanda bayramla əlaqədar nəzərdə tutulan tətil günlərində də davam edəcək. Tədbirin təşkilində məqsəd Bakı sakinlərinə və şəhərimizin qonaqlarına Azərbaycan milli, maddi-mədəni irsini, mədəniyyətimizi təbliğ etməkdir.
“Öyrən və əylən” rubrikasında uşaqlara Novruz bayramından öncə xalqımızın qeyd etdiyi dörd çərşənbənin hər birinin özəlliyi, ifadə etdiyi mənalarla bağlı maraqlı məlumatlar veriləcək. Bu, Azərbaycan xalqının milli mənəvi, maddi və mədəni dəyərlərini, zəngin adət-ənənələrini gənc nəslə tanıtmaq və təbliğ etmək məqsədi daşıyır.
Xatırladaq ki, hər ayın son şənbə günü Azərbaycan Xalça Muzeyində “Ailə günü” təşkil edilir. Həmin gün muzey tərəfindən ziyarətçilərə, xüsusilə uşaqlara maraqlı tədbirlər proqramı təqdim olunur.
azertag.az