Bu gün VI Qlobal Bakı Forumu işini davam etdirir.
Forumun ikinci günündə tədbir iştirakçıları panel sessiya çərçivəsində "Regional təhlükəsizlik, regional sülh: Yaxın Şərq" mövzusunda müzakirələr aparırlar.
Misirin keçmiş xarici işlər naziri, İƏT-in sabiq Baş katibi Amr Musa çıxışında bildirib ki, Qüdsün İsrailin paytaxtı kimi tanınması barədə ABŞ-ın qərarı Fələstin məsələsini həll etməyib. O bildirib ki, bütün ərəb və müsəlman dünyası, o cümlədən qabaqcıl Avropa ölkələri bu fakta neqativ yanaşdı: "Hesab edirəm ki, Fələstin məsələsi həll olunmalıdır. Paytaxtı Qüds olmaqla Fələstin dövləti yaradılmalıdır."
Livanın sabiq Baş naziri Fuad Siniora vurğulayıb ki, İsrail-Fələstin münaqişəsinin həll olunmaması bütün Yaxın Şərq üçün əsas problemdir.
Müzakirələrdə Azərbaycanın XİN başçısı Elmar Məmmədyarov, İƏT-in keçmiş Baş katibi İkmələddin Ehsanoğlu və digərləri iştirak edirlər.
Daha sonra VI Qlobal Bakı Forumu "Balkanın indiki günü və gələcəyi", "Çinin xarici siyasətinin anlanılması", "Ətraf mühitin deqradasiyasına qarşı iqtisadi artım" mövzularında panel sessiyaları üzrə işini davam etdirəcək.
report.az