Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin bədii təhsil şöbəsi Bərdədə uşaq musiqi və incəsənət məktəblərində ixtisaslaşmış təlimlər keçirib.
Mərkəzdən bildirilib ki, son iki il ərzində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzdə uşaq musiqi və incəsənət məktəblərinin fəaliyyəti ilə bağlı 20-dən çox metodiki vəsait hazırlanıb və region idarələrinə paylanılıb. Tərtib olunan tədris proqramı və metodiki vəsaitlərdə beynəlxalq təcrübələr nəzərə alınıb, şagirdlərin proqram repertuarları zənginləşdirilib.
Bu yeni tədris proqramları və metodiki vəsaitlərdə göstərilən proqram tələblərinin yerinə yetirilməsinə metodiki köməklik göstərilməsi məqsədilə Bərdə rayonunda fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərində muğam, fortepiano və nəzəri fənlər üzrə ixtisaslaşmış təlimlər keçirilib.
Təlimlərdə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin bədii təhsil şöbəsinin müdiri Natiq Mustafayev və şöbənin metodisti Zəbulla Quliyev iştirak edib.
azertag.az