“İnternet Arxivi” kitabxanasının müdiri Milli Kitabxanada olub
16.3.2018

Martın 15-də ABŞ-ın Kaliforniya ştatının San-Fransisko şəhərində fəaliyyət göstərən “İnternet Arxivi” kitabxanasının müdiri Bryuster Keyl Azərbaycan Milli Kitabxanasında olub.

Milli Kitabxanadan bildirilib ki, əvvəlcə qonaq rəhbərlik etdiyi qurum haqqında məlumat verib. Bildirib ki, “İnternet Arxivi" kitabxanasının internet səhifəsində təxminən 11 milyon kitab, 4 milyon səs yazısı və 3 milyon video mövcuddur. B.Keyl kitabxanada həyata keçirilən rəqəmsallaşdırma layihəsi barədə danışaraq vurğulayıb ki, “İnternet Arxivi” kitabxanası Fransa, İtaliya, Britaniya Milli kitabxanaları, Konqres kitabxanası və dünyanın bir sıra tanınmış kitabxanaları ilə kitabların rəqəmsallaşdırılması üzrə əməkdaşlıq edir. 20 ildən çoxdur ki, fəaliyyət göstərən kitabxanada gün ərzində təxminən 1000 ədəd kitabın rəqəmsallaşdırıldığını vurğulayan B.Keyl Azərbaycan Milli Kitabxanası ilə də əməkdaşlıq etmə barədə təklif irəli sürüb.

Milli Kitabxananın direktoru Kərim Tahirov təklifi yüksək qiymətləndirib və bu barədə düşünəcəklərini vurğulayıb. K.Tahirov, həmçinin Milli Kitabxanada da rəqəmsallaşdırma prosesinin aparıldığını, təxminən 30 min qrammofon valının rəqəmsallaşdırılaraq CD disklərə köçürüldüyünü və kitabxananın serverində yerləşdirildiyini vurğulayıb.

Direktor, həmçinin Petruçi Musiqi Kitabxanası ilə olan əməkdaşlığımız haqqında məlumat verib və dahi Azərbaycan bəstəkarlarının əsərlərinin notlarının və səs yazılarının Petruçi Musiqi Kitabxanasının (IMSLP) saytında yerləşdirildiyini diqqətə çatdırıb. Bu kimi əsərlərin dünyanın məşhur veb-səhifələrində yerləşdirilməsinin mədəni irsimizin dünyada tanıdılmasında böyük rolu olduğu vurğulanıb.

Qonaq daha sonra Milli Kitabxananın not nəşrləri və səsyazmaları şöbəsini və nadir kitablar və kitabxana muzeyi şöbəsini ziyarət edərək, kitabxana haqqında təəssüratlarını bölüşüb.

Sonda qonağa “Azərbaycan Milli Kitabxanası. Fotoalbom” (Azərbaycan, rus və ingilis dillərində) və “Azərbaycan mətbəxi” (ingilis dilində) kitabları hədiyyə edilib.

azertag.az