Martın 15-də Beynəlxalq Muğam Mərkəzində bəstəkar, pianoçu, caz-muğam üslubunun yaradıcısı, Əməkdar İncəsənət Xadimi Vaqif Mustafazadənin doğum günü ərəfəsində görkəmli musiqiçinin yaradıcılığına həsr olunmuş konsert keçirilib.
Tədbirdə V.Mustafazadə haqqında qonaqlara ətraflı məlumat verilib, onun Azərbaycan musiqisindəki xidmətlərindən danışılıb.
Qeyd edilib ki, o, Azərbaycan musiqisinin, muğamının klassik Amerikan caz musiqisi ilə sintezini yaradıb. Onun musiqi stili "Caz-Muğam" adlanır. 1963-cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Kollecini bitirib, Bakı Musiqi Akademiyasına daxil olub. Burada kiçik konsertlər verib və klublarda çıxış edib. Dəyərli sənətkar əsasən klassik caz, bluz və oynaq mahnılar ifa edib. 1964-cü ildən "Orero" ansamblına, "Qafqaz" caz üçlüyünə, "Leyli" və "Sevil" qadın vokal instrumental və "Muğam" instrumental ansambllarına rəhbərlik edib. Beynəlxalq caz müsabiqələri və festivallarının ("Tallin-66", "Tbilisi-78", "Monte-Karlo") laureatı olub. Fortepiano və simfonik orkestr üçün konsertin, "Muğam" simfoniyasının, bir sıra caz kompozisiyalarının və pyeslərin müəllifidir.
Bildirilib ki, xalq musiqisi, muğamdakı improvizasiyalarda caz elementləri görmüş və orijinal bir janr ortaya çıxarmış “Muğam” simfoniyasının müəllifi Vaqif Mustafazadə 1979-cu ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülüb.
V.Mustafazadə 1979-cu il dekabrın 16-da Daşkənddə qastrol zamanı ürək tutmasından vəfat edib və Bakıda dəfn olunub.
Sonra Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin müəllim və şagirdlərinin ifasında maraqlı konsert proqramı təqdim edilib. Azərbaycan və dünya bəstəkarlarının kompozisiyaları və Vaqif Mustafazadənin əsərləri musiqi məktəbinin şagirdləri tərəfindən məharətlə ifa olunub. Əməkdar Artist Cavan Zeynallı da öz ifaları ilə gecəyə rəng qatıb.
azertag.az